Mədəsi oruc, ruhu "ac" qalanlar: İbadəti qəlbinə daşıyanlara SALAM OLSUN
Bəzən insan elə zənn edir ki, imsaqla iftar arasında keçən o saatlar sadəcə bir dözüm sınağıdır. Lakin həqiqət budur ki, mədəni boş saxlamaq işin ən asan tərəfidir.
Bu müqəddəs ayın mahiyyəti sadəcə mədəni boş saxlamaqdan, gün boyu saatın əqrəblərini saymaqdan ibarətdirmi? Təəssüf ki, ətrafımızda, bəzən isə elə özümüzdə bir mənzərə görürük: Mədəsi oruc tutub, ruhu “ac” qalanlar.
Oruc tutmaq sadəcə qida və sudan imtina etmək deyil. Əsl oruc dilin yalandan, əlin haramdan, qəlbin isə kin-küdurətdən uzaq durmasıdır. Lakin baxırsan ki, insan səhərdən axşama qədər acdır, amma əsəbi yerində, dili isə zəhər kimidir. Növbədə gözləyəndə dava salır, sürücülük edəndə söyüş söyür, iş yoldaşının qeybətini qırır.
Əgər sənin orucun səni daha səbirli, daha mərhəmətli və daha dürüst etmirsə, o zaman mədənin çəkdiyi bu əziyyət kimə lazımdır?
Bu gündən etibarən sosial şəbəkələr ‘ruhu orucsuz qalanların’ virtual nümayiş meydanına çevriləcək. İmsaqda nə yediyini, iftarda hansı dəbdəbəli restoranda əyləşdiyini nümayiş etdirənlər unudurlar ki, oruc həm də nəfsi tərbiyə etmək üçündür. Bir tərəfdə imkansızlıqdan iftar süfrəsinə sadəcə çörək və su qoyanlar varkən, digər tərəfdə min bir neməti paylaşıb “mən orucam” demək, əslində ruhun oruc tutmadığının ən bariz sübutudur.
Ruhun orucu odur ki, sən ac olduğun üçün ətrafındakılara dünyanı dar etmirsən. Əksinə, aclığın sənə öyrətdiyi o “yoxluq” hissi ilə başqalarının ehtiyacını anlayırsan.
“Mədə acdırsa, dil susmalı, qəlb danışmalıdır. Mədə acdırsa, əl tutmalı, göz haramdan qaçmalıdır. Əks halda, bu, mənəvi ibadət deyil, sadəcə fiziki bir pəhrizdir.”
Ramazan bizə ac qalmağı deyil, “insan qalmağı” öyrətmək üçün gəlir. Gəlin bu ayda təkcə mədəmizə deyil, ruhumuza da oruc tutduraq. Kinimizi, təkəbbürümüzü, yalanımızı “iftar vaxtı” gəlmədən birdəfəlik dəfn edək.
Unutmayaq ki, Allahın bizim aclığımıza ehtiyacı yoxdur; Onun bizim təmizlənmiş qəlbimizə və gözəl əxlaqımıza ehtiyacı var.
Ruhu oruclu olanlara eşq olsun!
Məsimə Məmmədova













