“Media islahatları informasiya təhlükəsizliyinin yeni mərhələsidir“ - Hacıbəy Heydərli
“Yeni qurumun əsas missiyalarından biri də dezinformasiya ilə mübarizənin gücləndirilməsi olacaq.”
Bu sözləri Yenicag.az-a Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib.
Şura üzvü Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birləşərək vahid qurum altında fəaliyyət göstərməsi ilə bağlı verilən qərar haqqında danışaraq, bunu müsbət addım olaraq dəyərləndirib:
“Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birləşdirilərək Media və Yayım Şurasının yaradılması media sektorunda idarəetmənin yeni modelə keçidi kimi qiymətləndirilə bilər. Əslində, müasir dövrdə televiziya, radio, qəzet və internet mediası arasındakı sərhədlər əvvəlki kimi aydın deyil. Bu gün televiziya kanalları sosial şəbəkələrdə fəaliyyət göstərir, xəbər saytları video layihələr hazırlayır, sosial media platformaları isə milyonlarla insan üçün əsas informasiya mənbəyinə çevrilib. Yəni bütün media növləri artıq eyni informasiya məkanının iştirakçılarıdır.
Belə bir şəraitdə vahid qurumun yaradılması isə həm tənzimləmə, həm də inkişaf siyasətinin daha çevik və əlaqəli şəkildə həyata keçirilməsinə imkan verə bilər.”
H. Heydərli qeyd edib ki, yeni qurum dezinformasiyalara qarşı daha effektiv mübarizə aparacaq və mediada şəffaflığın qorunmasına daha obyektiv xidmət göstərəcək:
“Bu gün media sahəsində dəstək proqramları, tənzimləmə mexanizmləri və dövlət siyasətinin icrası müxtəlif qurumlar arasında bölüşdürülüb. Yeni model qərarların daha operativ qəbul edilməsinə, resursların daha düzgün bölüşdürülməsinə və fəaliyyətin vahid strategiya əsasında qurulmasına şərait yarada bilər. Rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın inkişafı, süni intellektin mediaya təsiri və audiovizual məkanın tənzimlənməsi artıq bir-birindən ayrılmaz məsələlərdir. Bu səbəbdən də onların vahid baxış altında idarə olunması zamanın tələbi kimi görünür.
Yeni qurumun əsas missiyalarından biri də dezinformasiya ilə mübarizənin gücləndirilməsi olacaq. İnformasiya müharibələrinin və saxta xəbərlərin artdığı bir dövrdə vahid tənzimləyici institutun formalaşdırılması media savadlılığının yüksəldilməsi, etibarlı informasiya mühitinin qorunması və milli informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.”
Nurlan Cəfəri













