Media islahatlarında yeni mərhələ: İlham Əliyevin yeni modeli nəyi dəyişəcək?

media-hightechnic-468x90

 

media-banner_tuq

 

 

Dünyada informasiya uğrunda mübarizə hər keçən gün daha da sərtləşir. Bu gün dövlətlərin gücü yalnız iqtisadi və hərbi potensialla ölçülmür. İnformasiya məkanına nəzarət, milli medianın gücü və rəqəmsal platformalarda təsir imkanları da strateji üstünlüyün vacib elementlərinə çevrilib.

Məhz buna görə son illərdə dünyanın aparıcı dövlətləri media siyasətlərini yenidən formalaşdırırlar. Böyük Britaniya, Fransa, Kanada və Avropa İttifaqında həyata keçirilən islahatlar göstərir ki, klassik media idarəetmə modeli artıq öz yerini rəqəmsal dövrə uyğun vahid və çevik idarəetmə sistemlərinə verir.

Aqil Ələsgər
Aqil Ələsgər

Azərbaycanda Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılması təşəbbüsü də bu qlobal transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Lakin məsələ yalnız yeni qurumun yaradılması ilə məhdudlaşmır. Bu addım Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi media siyasətinin növbəti mərhələsidir.

Son illərdə Azərbaycanda media sahəsində aparılan islahatlara diqqət yetirdikdə vahid strateji xətt aydın görünür. “Media haqqında” Qanunun qəbul edilməsi, Media Reyestrinin yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması və rəqəmsal transformasiyanın təşviqi məhz bu siyasətin tərkib hissələridir.

Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan mediası müasir çağırışlara uyğun inkişaf etməli, milli maraqları qorumaqla yanaşı, beynəlxalq informasiya məkanında da rəqabət aparmağı bacarmalıdır.

Xüsusilə son illərdə keçirilən Şuşa Qlobal Media Forumları Azərbaycanın media siyasətinin yeni fəlsəfəsini nümayiş etdirib. Bu forumlar vasitəsilə Azərbaycan beynəlxalq media nümayəndələrini, ekspertləri və jurnalistləri bir platformada bir araya gətirərək qlobal informasiya gündəliyinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib.

Prezident İlham Əliyev 2025-ci ildə Şuşa Qlobal Media Forumunda çıxışı zamanı informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini xüsusi vurğulayaraq bildirmişdi ki, müasir dövrdə dövlətlər informasiya hücumları və dezinformasiya kampaniyalarına qarşı da effektiv müdafiə mexanizmləri formalaşdırmalıdırlar.

Məhz bu baxımdan yeni Media və Yayım Şurasının yaradılması yalnız institusional dəyişiklik deyil. Bu addım həm informasiya təhlükəsizliyinin gücləndirilməsinə, həm də Azərbaycan mediasının beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına hesablanıb.

Əslində, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura indiyədək də bir çox istiqamətlər üzrə koordinasiyalı fəaliyyət göstəriblər. Media savadlılığı layihələri, peşəkar təlim proqramları, yayım siyasəti və jurnalistikanın inkişafı istiqamətində ortaq təşəbbüslər həyata keçirilib. Yeni model bu əməkdaşlığı daha çevik və daha effektiv institusional çərçivəyə daşımağı hədəfləyir.

Diqqət çəkən digər məqam isə Prezident İlham Əliyevin Azərbaycan mediasını yalnız regional deyil, beynəlxalq səviyyədə rəqabət aparan bir institut kimi görmək istəyidir. Son illərdə jurnalistlərin peşə hazırlığının artırılması, müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi, media subyektlərinə maliyyə və institusional dəstəyin göstərilməsi də bu məqsədə xidmət edib.

Yeni Media və Yayım Şurası məhz bu strateji baxışın davamı olaraq Azərbaycan mediasının inkişafı, iqtisadi dayanıqlılığı, peşəkarlığı və rəqəmsal transformasiyasını vahid platformada birləşdirməyi hədəfləyir.

Başqa sözlə, söhbət sadəcə iki qurumun birləşdirilməsindən getmir. Söhbət Prezident İlham Əliyevin formalaşdırdığı yeni media siyasətinin növbəti mərhələsindən, Azərbaycan mediasının qlobal çağırışlara uyğunlaşdırılmasından və milli informasiya məkanının daha güclü, daha dayanıqlı və daha rəqabətqabiliyyətli hala gətirilməsindən gedir.

Dünya təcrübəsi göstərir ki, gələcəyin uğurlu media sistemləri vahid koordinasiya, güclü peşəkar institutlar və rəqəmsal çeviklik üzərində qurulacaq. Azərbaycanın seçdiyi istiqamət də məhz bu qlobal tendensiya ilə üst-üstə düşür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05