“Qondarma beynəlxalq təşkilatların maraqları ilə ölkə içində KİV-dən sui-istifadə edənlərin maraqları üst-üstə düşürdü”.
Bu fikirləri mediada reketçiliyə qarşı aparılan mübarizənin mövcud vəziyyəti barədə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən dövrlərdə KİV-dən sui-istifadə hallarına qarşı mübarizənin yetərincə effektiv alınmamasının səbəblərindən biri müvafiq qanunvericiliyin mükəmməl olmaması idi:
“KİV haqqında” qanun 2001-ci ildə, yəni onlayn medianın inkişaf etmədiyi bir dövrdə hazırlanaraq qəbul olunmuşdu. Bu baxımdan, müasir medianın əksər parametrlərini əhatə etmirdi. Həmçinin o qanunda digər ciddi boşluqların olması hətta ənənəvi nə də imkan vermirdi.
Ən böyük problem bu idi ki, həmin qanundakı nəzərdə tutulan boşluqlar KİV-dən suai-istifadə hallarını artırırdı. Təsadüfi deyil ki, o dövrdə 5300-dən çox KİV subyekti qeydiyyatdan keçdiyini elan etmişdi. Amma real fəaliyyət göstərən, informasiya dövriyyəsində yer tutan media orqanlarının sayı bu rəqəmin heç 10 faizi qədər də deyildi.
Haqqında danışılan qanundakı boşluqlar jurnalistika barədə heç bir təsəvvürü olmayan, xəbər standartlarını bilməyən, ictimai maraq anlayışını nəzərə almayan istənilən şəxsin “KİV subyekti” təsis edərək özünü “media adamı” adlandırmasına imkan yaradırdı. Belə qondarma KİV-lərin nə rekvizitləri, nə maliyyə qaynaqları, nə də hansı maraqlara xidmət etdikləri bəlli deyildi. Bu dalğada KİV-dən sui-istifadə edənlərin xüsusi bir təbəqəsi formalaşmışdı”.
Müşfiq Ələsgərli deyir ki, bəhs edilən xaotik durum Azərbaycana qarşı qərəzli mövqe tutan xarici güc mərkəzləri üçün də əlverişli mühit formalaşdırırdı:
“Soz və ifadə azadlığı” mövzusunda manipulyasiya edən, yalançı reytinq cədvəlləri hazırlayan bir sıra “beynəlxalq təşkilatlar” narkotik alverində, xuliqanlıq əməlində təqsirli bilinərək barəsində hüquqi ölçü götürülmüş istənilən şəxsi “jurnalist” adlandırıb “siyasi məhbus” siyahısına daxil edirdilər. Yekunda uzun-uzadı siyahılar hazırlayır, Azərbaycanda guya söz azadlığının boğulması, insan haqlarının pozulması ilə bağlı yalançı təəssürat yaradırdılar. Bu baxımdan, bəzi qondarma beynəlxalq təşkilatların maraqları ilə ölkə içində KİV-dən sui-istifadə edənlərin maraqları üst-üstə düşürdü”.
Həmsöhbətimizin fikrincə, 2022-ci ildə qüvvəyə minən “Media haqqında” yeni qanun bütün bu neqativ halların qarşısını böyük ölçüdə alır:
“Yeni qanun konkretliyi ilə seçilir və “KİV nədir, necə olmalıdır, jurnalist kimdir və necə davranmalıdır?” kimi suallara dəqiq cavab verir, jurnalistikadan sui-istifadə üçün yer saxlamır.
Həmin qanun əsasında yaradılmış Media Reyestri isə KİV-dən sui-istifadə hallarının qarşısını kəsən ən ciddi mexanizmlərdən biridir. KİV-dən sui-istifadə halları və ona qarşı mübarizə tədbirləri həmişə olub. Amma bu hallara qarşı mübarizə tədbirləri heç vaxt indiki qədər effektiv alınmayıb.
Bu gün qüvvədə olan “Media haqqında” qanuna qarşı kampaniya aparanlar, Medianın İnkişafı Agentliyini (MEDİA) hədəfə alanlar, Media Reyestrinin ləğv edilməsinə çalışanlar media məkanında şəffaflığın yaranmasını istəməyənlərdir. Çünki media məkanının saflaşması, şəffaflaşması və peşəkarlaşması KİV-dən sui-istifadə edənlərin meydanını tamamilə daraldır”.
Nəsimi Ələsgərli
www.yenicag.az