Məhkumun əmlakına həbs qoyulması ilə bağlı YENİ QAYDA
Azərbaycanda cərimənin məcburi tutulması qaydalarında mühüm dəyişiklik ediləcək.
Yenicag.az xəbər verir ki, bu məsələ Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldiləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.
Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud bu qazanc cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə, cərimə məhkumun xüsusi mülkiyyətində olan əmlakına və ya ümumi mülkiyyətdəki payına yönəldiləcək. Bu prosesdə “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
Qüvvədə olan qanunvericiliyə görə, cərimə ilk növbədə əmlaka yönəldilirdi, əməkhaqqına isə yalnız əmlak olmadıqda müraciət edilirdi. Layihədə bildirilib ki, mövcud tənzimləmə icra prosesini ləngidir və bəzən kiçik məbləğli cərimələr üçün yüksək dəyərli əmlaka həbs qoyulması kimi qeyri-mütənasib nəticələrə səbəb olurdu. Bu isə həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradırdı.
Yeni qayda icra prosesinin operativliyini artırmaq və cərimə məbləğinə ekvivalent olmayan əmlakın satış zərurətini minimuma endirmək məqsədi daşıyır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.












