Mehman Hüseynov saxlanılıb

mehman_huseynovDİN bloggerin hava limanında saxlanılmasının səbəbini açıqladı
Bu gün səhər saatlarında blogger və fotoreportyor Mehman Hüseynov saxlanılıb. Anspress-in məlumatına görə, o, Heydər Əliyev adına Hava Limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun verdiyi məlumata görə, fotoreportyor ölkəni icazəsiz tərk etmək istədiyinə görə saxlanılıb.

“2012-ci ildə Mehman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanuna müvafiq qaydada yasaqlanıb. Lakin Mehman Hüseynov bu qadağaya məhəl qoymadan ölkədən çıxmağa cəhd edib. Polis qanun çərçivəsində onu saxlayıb”.

Qurum rəsmisi onu da bildirib ki, hazırda M.Hüseynov təcridxanada saxlanılır. Onun yenidən sərbəst buraxılıb-buraxılmayacağı isə araşdırmalardan sonra məlum olacaq.

Rəis müavini onu da əlavə edib ki, Mehman Hüseynov barəsində cinayət işi başlanandan bir il sonra, 2013-cü ildə ölkədən çıxmaq üçün xüsusi yazılı razılıq almışdı: “Həmin vaxt Mehman Hüseynovun özü və vəkilləri istintaq orqanına müraciət edərək onun xarici ölkələrdən birində təşkil olunmuş tədbirdə iştirakına icazə istəmişdilər. O zaman onun ölkəni tərk etməsinə icazə verilmişdi. Lakin bu dəfə nə Mehman Hüseynov özü, nə də onun vəkili bu barədə istintaq orqanına müraciət etməyiblər”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Loading...