Sentyabrın 15-də İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Filialın rəmzi açılışını bildirən lent kəsildikdən sonra birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.
Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.
Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompyuter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 2015-ci il mayın 15-də Sərəncam imzalayıb. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.
I Moskva Dövlət Tibb Universiteti Bakı filialının kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur(modern).
www.yenicag.az