Mehriban Əliyevanın Antalyada verdiyi mesaj: Mərhəmət diplomatiyası ilə Fələstin dərsi…
Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı mühüm panel iclası təşkil olunub.
Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın himayəsi altında baş tutan tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Bu tədbir yalnız diplomatik müzakirə deyil, həm də müharibə şəraitində uşaqların gələcəyinin qorunması ilə bağlı qlobal çağırış kimi qiymətləndirildi.
Qeyd edilməlidir ki, bu tədbirin əsas mesajlarından biri isə məhz Mehriban Əliyevanın iştirakı və nümayiş etdirdiyi mövqe ilə bağlı idi. Xüsusilə diqqət çəkən məqam ondan ibarət oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi proqramını başa vuraraq geri dönsə də, Mehriban Əliyeva məhz bu paneldə iştirak etmək üçün Antalyada qaldı. Bu, Azərbaycanın Fələstin məsələsinə münasibətinin formal deyil, prinsipial və humanist xarakter daşıdığını göstərən konkret mesaj idi.
Qeyd edək ki, Azərbaycanın Fələstinlə bağlı siyasəti illərdir real faktlar və konkret addımlarla təsdiqlənir. Xüsusilə məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi humanitar təşəbbüslər çərçivəsində Fələstin xalqına sistemli dəstək göstərilir. Azərbaycan son onillikdə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi vasitəsilə dəfələrlə maliyyə yardımı ayırıb, humanitar layihələr həyata keçirib. Eyni zamanda, Azərbaycan dövlətinin təqaüd proqramları hesabına yüzlərlə fələstinli gənc Azərbaycanda ali təhsil alır.
Ən mühüm faktlardan biri isə Fələstin ərazisində Azərbaycan tərəfindən məktəbin inşa olunması layihəsidir. Bu təşəbbüs təkcə humanitar yardım deyil, fələstinlilərə verilən bir mesajdır. Çünki dağıdılmış məktəbin bərpası sadəcə bir binanın tikilməsi demək deyil – bu, bir xalqın gələcəyinə ümid vermək deməkdir.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, ölkəmiz uzun illərdir Fələstinin Azərbaycandakı diplomatik nümayəndəliyinin fəaliyyətinə dəstək göstərir, humanitar təşəbbüslərə maliyyə ayırır və beynəlxalq platformalarda Fələstinin hüquqlarını açıq şəkildə müdafiə edir. Bu faktlar onu göstərir ki, Azərbaycan Fələstin məsələsində ardıcıl və prinsipial mövqe nümayiş etdirən ölkələrdən biridir.
Birinci xanım Mehriban Əliyevanın Fələstinlə bağlı əvvəlki çıxışlarında səsləndirdiyi bir fikir isə bu siyasətin mənəvi mahiyyətini aydın şəkildə ifadə edir. O vurğulayıb ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir. Bu sözlər təkcə humanitar çağırış deyil, həm də Azərbaycanın Fələstin məsələsinə yanaşmasının əsas fəlsəfəsidir.
Təəssüf ki, son illərdə bəzi dairələr, xüsusilə regionda və İslam dünyasında Azərbaycanı Fələstin məsələsi üzərindən hədəf almağa, ölkənin mövqeyini təhrif etməyə çalışırlar. Lakin reallıq tam fərqlidir. Azərbaycan İsraillə siyasi və iqtisadi münasibətlər saxladığı halda, eyni zamanda, Fələstin xalqına humanitar dəstəyini davam etdirən nadir ölkələrdən biridir. Bu, balanslı və prinsipial xarici siyasətin nümunəsidir.
Məhz buna görə də Antalyada verilən mesaj sadə bir iştirak faktı deyil. Mehriban Əliyevanın bu tədbirdə sona qədər iştirakı, Fələstin üçün həyata keçirilən real layihələr – məktəb tikintisi, humanitar yardımlar, təhsil proqramları Azərbaycanın Qəzza və Fələstin üzərindən ölkəni qaralamağa çalışan qüvvələrə verilən ən tutarlı cavablardan biridir. Çünki Azərbaycan bu məsələdə bəyanatlarla deyil, konkret faktlarla danışır və bu faktların mərkəzində mərhəmət dayanır.

Aqil Ələsgər













