!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məlahət Qurbanova: "Çox dedilər ki, geri çəkil, qadınsan, amma mən çəkilmədim" - İş xanımı ilə MÜSAHİBƏ

!Reklam – Yazi

– Məlahət xanım, təbii ki, soruşmayacağam neçə yaşınız oldu, istəyirəm öz həyat yolunuzdan danışasınız. Geriyə baxanda nə görürsünüz, nəyi görmək istərdiniz?

-Gizlətməyəcəm, bu il mənim 64 yaşım tamam oldu və mən Allahımdan çox razıyam. Siz də bilirsiniz ki, qocalıq hər insana nəsib olmur. Bu yaşa qədər çatdığım, hər bir yaş dövrünün ləzzətini duya bildiyim üçün çox xoşbəxtəm. Mən bilmirəm, siz bürclərə nə qədər inanırsınız, amma mən inanıram, bunda bir həqiqət var. Hələ məktəbdə oxuyurdum, o dövrlərdə Qəzənfər Paşayev İraqda işləyib gələndən sonra bir kitab yazmışdı: “Altı il Dəclə-Fərat sahillərində”. O kitab çox maraqlı idi, oradakı insanların həyat tərzindən bəhs edirdi. Kitabın bir gözəl yeri vardı, oranı nişanlayıb saxlamışam. O vaxtlar biz bilmirdik, bürc nədir. Orada bürləc haqda yazılmışdı, kitab həm də buna görə sevilirdi. İnsanlar oxuyur məəttəl qalırdılar ki, necə çox şey doğrudur. Mən Buğa bürcü olduğumu onda bilmişdim. Bu bürcə aid xarakterləri onda oxudum bildim və gördüm ki, dəqiqliklə yazılıb çox şey. Allah Qəzənfər müəllimə ömür versin.

– İndi necə, elə düz çıxır bürcünüz?

– Orda yazılan xarakterlərin hamısı məndə olub. Buğa bürcü haqda deyilir ki, bu bürc altında doğulan qadınlar kişi sənətlərinə üstünlük verirlər, uğurlar qazanırlar. Mən də eynilə kişi sənətlərinə üstünlük vermişəm. Allah rəhmət eləsin mərhum prezidentimiz Heydər Əliyevə, onunla ilim də, ayım da, bürcüm də üst-üstə düşür. Mən qaban iliyəm, buğa bürcüyəm, mərhum liderimiz də eynilə. Nə xoşbəxtəm ki, bir çox xarakterlərimiz də üst-üstə düşür.
Mən Qazaxda orta məktəbi bitirdim, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. O vaxtlar həmin fakültədə oxuyan qızlar çox az idi. Qrupda biz cəmi 3 nəfər qız idik, ümumiyyətlə patokda 5 qız vardı, 75 nəfəri oğlan idi. Onda da başa düşdüm ki, kişi sənətinə üstünlük verməyim bürcümdən irəli gəlir. Ədliyyə sahəsinə təyinat aldım, məni Naxçıvana göndərirdilər, amma getmək istəmirdim deyə azad təyinat alıb prokurorluq sahəsində 7-8 ay işlədim. Mən çox həssas adamam, o sahədə özümü tapa bilmədim və uzaqlaşdım. Səmtimi tamamilə dəyişdim. O vaxtlar Məişət Xidməti Nazirliyi adlı qurum vardı, ora işə daxil oldum. Orda bir neçə idarədə yüksək vəzifələrdə çalışdım, son nəticədə məni bu sahəyə təyin etdilər. Azərbaycanda özəl sektorda ilk rəhbərlik edən şəxslərdən biriyəm. Nə yaxşı ki, bu sahəyə gəldim, burada inkişaf etdim. Universitetdə aldığım təhsil, elm, burda qazandığımdan daha zəif idi. Burada daha çox dostlar qazandım, daha çox insanlarla ünsiyyətdə oldum.

– Ad gününüzü necə keçirdiniz?

– Uşaqlıqda ad günü qeyd etməyi sevirəm, uzun illər həmişə təmtəraqla ad günü qeyd etmişəm. Amma son 3-4 ildə əhval-ruhiyyəm buna imkan vermir. Qardaşım, ardınca da anam vəfat etdikdən sonra ad günümü qeyd etməyə məndə həvəs qalmayıb. Amma dostlarım zəng vurub təbrik edirlər, gəlirlər canlı təbrik edirlər. Məktəb illərindən tutmuş, universitet illərinə qədər, iş fəaliyyətimdə qazandığım saysız-hesabsız dostlarım, o cümlədən sizin kimi jurnalist dostlarım təbrik etdilər.

– Uğur qazanmış bir xanım ki, fikirləriniz maraqlıdır: sizcə, qadınlar ailə, yoxsa karyera qurmalıdırlar?

– İkisi də bir arada çox gözəldir. Elə bir adamla ailə qura bilərsən ki, səninlə tam razılaşar, səni dəstəkləyər, hər işində sənə yardımçı olar, bu çox gözəl mənzərədir. Amma əfsuslar olsun ki, bizdə kişilərin əksəriyyəti qadınlar irəli gedəndə ona paxıllıq edirlər, mane olmağa çalışırlar. Bu, təkcə ailə münasibətlərində deyil, ətrafında olan insanlardan da görə biləcəyin münasibətdir. Çox təəssüf ki, belə bir hal mənim də başıma gəlib, hətta az qalmışdı məni məğlub etsin. Bu, mən hazırda ofis kimi istifadə etdiyim, şəhərin mərkəzində yerləşən binanı özəlləşdirəndən sonra baş verdi. 1997-ci ildə mən binanı özəlləşdirib qurtaran kimi, çox böyük hücumlar başladı. 12 nəfər kişi mənə qarşı oldu. Barışa bilmirdilər ki, necə olur bir qadın şəhərin mərkəzində, bu qədər ərazisi olan bir yeri özəlləşdirir. Bu prosesdə Allahın və yaxşı dostlarımın dəstəyi ilə o kişilər üzərində qələbə çaldım. İnanın ki, buranı özəlləşdirəndə o qədər sevinməmişdim, amma onların üzərində qələbə çalanda sevindim. Kişi də qadına qarşı vuruşarmı? Məndən elə şeylər yazırdılar, özüm də məəttəl qalırdım. 1995-ci ilin mart ayının 1-də atam rəhmətə gedib, rayondayam, qəlbim qan ağlayır, martın 17-də Qazaxda OMON hadisələri baş verib. Qazax OMON-un rəisi Elçin Əmiraslanov bizim qonşumuz idi, uşaq vaxtı gördüyüm olmuşdu onu. Götürüb ora-bura yazırdılar ki, OMON məsələsində iştirakçılardan, onu maliyyələşdirənlərdən biridir, Elçinlə dostluq münasibətim var. Bunun şər-böhtan olduğunu sübut edənə qədər nələr yaşadım, Allah bilir. Elə şeylər yazırdılar ki, araşdırılan dövrdə mən konkret vuruşurdum kişilərlə. Həyatımın ən ağır dönəmi olub o illər. Onların bir neçəsini böhtançı kimi həbs etdilər, başçılıq edənin ailəsi dağıldı, özü faciəli şəkildə həlak oldu. Ondan sonra bütün qüvvəmlə çalışdım və gəlib bu mərtəbəyə çata bildim.

– Belə çıxır ki, hər güclü kişinin arxasında bir qadın olsa da, hər güclü qadının arxasında bir kişi yoxdur…

– (Gülür). Öz fəaliyyətimdə bu, həqiqət olub. Düzdür, mənim yaxşı dostlarım da vardı, dəstək olurdular, amma çox kişilər yanımdan qaçdı o dövrdə. Məsəl var, deyir, gərək düşmənin də mərd ola, mənim düşmənlərim namərd idilər. Arxamca elə şayiələr yayırdılar ki, yalan olduğunu sübut edənə qədər mən çox əziyyət çəkirdim. Hətta mənim ölkədən qaçdığımı iddia etdilər, halbuki mən gecələr də evimə getmirdim, ofisdə oturub işimi görürdüm. Mənə çox dedilər ki, geri çəkil, qadınsan, amma mən çəkilmədim. Güclü qadınlara da o kişilər mane olurlar ki, özlərinin gücü olmur. Allah nəinki qadınları, hətta kişiləri də belələrindən qorusun!

– Bu il “Heydər Əliyev” ilidir. Həm də ümummilli liderin ad günü ərəfəsindəyik (müsahibə mayda götürülüb-red.), istərdim onunla bağlı fikirlərinizi, varsa xatirələrinizi bölüşəsiz. Necə xatırlayırsız Heydər Əliyevi?

– Mən düşünürəm ki, onun haqqında danışmaq üçün çox kiçik adamam. O, Allahın xalqımıza bir lütfü idi, hələ əsrlərlə haqqında danışılacaq, yazılacaq. Heydər Əliyevin kiçik bir qızla şəkli var. Bildirilir ki, o qızın ailəsi avtoqəzada dünyasını dəyişib. Qız ağlayıb ki, mənim əlifba bayramımda doğmalarım olmayacaq. Bunu bilən Heydər Əliyev gedib onun əlifba bayramında iştirak edib. İnsanın böyüklüyünə baxın. Kiməsə deyə bilərdi ki, o qızın əlifba bayramına gedin, amma etməyib, özü gedib. Heydər Əliyev bütün dünyada tanınan, fikirlərilə razılaşılan siyasətçi idi. Mən universitetə daxil olan ərəfələrdə Heydər Əliyev hər il ali məktəbə daxil olan abituriyentlərlə sarayda görüş keçririrdi. Xoşbəxtəm ki, mən də qəbul olan ildə o görüşdə iştirak etmişəm. Onun orada bir sözü vardı, hələ də qulaqlarımdadır. Dedi ki, nə üçün prokuror oğlu mütləq prokuror olmalıdır, rəis oğlu rəis, hakim oğlu hakim olmalıdır? İmkan verin başqalarının övladları, kasıb balaları da hüquq fakültəsinə qəbul olsun. Həmin dövrdən vəzifəli adamların övladlarının hüquq fakültəsinə girişi azaldı. Test imtahanlarına kimi kasıbların, imkansızların da övladlarına bu şans verildi. Brejnev bilirsiniz ki, Heydər Əliyevin hakimiyyəti dövründə iki dəfə ölkəmizə səfər edib. İkinci görüşdə mən də onu qarşılamaq üçün yolunun üstünə çıxmışdım. Onda Heydər Əliyevi yaxından görə bildim. Üçüncü dəfə isə şəhərin mərkəzində müəssisələrdən birinin açılışı idi, onda bu xoşbəxtlik mənə nəsib oldu. Çox təəssüf edirəm ki, görüşlərin heç birində onunla ünsiyyətdə ola bilməmişəm. Lakin onu yaxından izləmək imkanım olub və insanlara necə qayğıkeşliklə, sevgilə yanaşdığının şahidi olmuşam.
Bugünkü gündə onun övladının ölkəyə layiqincə rəhbərlik etməsi, 30 il çəkdiklərimizi bizə 44 gündə unutdurması sözlə ifadə olunmayacaq qədər böyük nailiyyətdir. Heydər Əliyev kimi, İlham Əliyev də xalqımız üçün Allahın lütfüdür.

– Məlahət xanım, cəmiyyətdə qadınlara qarşı sanki bir aqressiya var. Fikir verirsinizsə, boşanan qadınlar davamlı olaraq qətlə yetirilir keçmiş həyat yoldaşları tərəfindən. Ailə-məişət problemləri zamanı daha çox əzilən, təzyiqə məruz qalan tərəf qadınlar olur. Belə bir rəy var ki, bunlara səbəb həm də valideynlərin övladlarının arxasında durmamasıdır. İstərdim bir ana kimi, təcrübəli bir xanım kimi öz sözünüzü deyəsiniz, məsləhətinizi verəsiniz oxuculara.

– Biz sivil ölkədə yaşayırıq, boşanmaq ayıb deyil. Bir-birini anlamayan, həyatlarını zəhərə çevirən insanların boşanması ən məqbul yoldur. Belə cütlüklərin bir dam altında yaşayıb, təsərrüfatı, ailəni birgə idarə etmək imkanları tükənmiş olur. Valideyndən yaxşı övladını kim tanıya bilər? Valideyndən yaxşı kim bilə bilər ki, övladı necə həyat yaşayır, yaşadıqlarını layiqdirmi? Sənin övladın öldürülübsə, onun harayına vaxtında çatmamısansa, sən hardasan, vicdan əzabı çəkmirsənmi? Belə bir rəvayət var: Allah-Taala ana bətnindəki körpəyə deyir ki, səni başqa bir dünyaya göndərəcəm. Körpə deyir ki, Allahım, məni göndərmə başqa yerə, bəs orda məni kim qoruyacaq, kim mənə baxacaq? Allah-Taala deyir ki, mən sənə bir mələk göndərəcəm, o səni qoruyacaq da, yedirdəcək də, səni saxlayacaq da, o mələyin adı anadır!

Bəs ay ana, sən niyə Allahın verdiyi bu müqəddəs missiyanı yerinə yetirmirsən? Niyə boşanmanı övladının ölümündən daha pis bir şey kimi qəbul edirsən? Analardan xahişim odur ki, övladlarına sahib çıxsınlar. Xüsusilə qız övladlarına. Sabah övladının başına gələn faciənin ağırlığını da sən yaşayacaqsan, ay ana! Əgər qızının həyatındakı insan ona zülüm edirsə, heç düşünmədən boşa! Çünki bunun axırı əksər hallarda öldürməyə gedir. Hətta qəddarlıqla öldürənlər var. Oğlan analarından da xahişim odur ki, övladlarını insan kimi yetişdirsinlər, zorakılığa meyilli böyütməsinlər.
COP29

www.yenicag.az

3533
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv