Mərkəzi Bank daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə bir sıra aktlara dəyişikliklər edib. Belə ki, “Bank kapitalının və onun adekvatlığının hesablanması” və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması“ qaydaları dəyişdirilib. Lakin bankın bu qərarı cəmiyyətdə müxtəlif cür yozulur.
Bu barədə virtualaz.org saytına bankdan məlumat veriblər.
Xəbərdə deyilir ki, Mərkəzi Bank tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır. Bu tələblə, aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.
Bundan əlavə bildiririk ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur.
Mərkəzi Bank situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcəkdir. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq.
Bununla yanaşı, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır.
Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayımış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.
Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir.
Qeyd edək ki, iqtisadçı alim Vüqar Bayramov şəxsiyyət vəsiqəsi olmadan bir müştəriyə yalnız 500 dollar satılması ilə bağlı qərarı şərh edib.
İqtisadçının fikrincə, kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu onların işini çətinləşdırəcək. Nəticədə valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir: “Bu qərarın icrasında ən böyük risk “qara bazarın” yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq. Şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi”.
V.Bayramov deyib ki, bu addımdan sonra qara bazarın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın: “Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac varki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın”.
V.Bayramov qeyd edir ki, Mərkəzi Bank eyni zamanda kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verib. Bununla da Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verib. Artıq manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır”.
www.yenicag.az