Trampdan NÖVBƏTİ MANEVR: Ukraynaya "Tomaqavk" əvəzinə “Patriot” verir - ŞƏRH
“ABŞ özü də “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsində o qədər də maraqlı görünmür. Ola bilsin ki, Vaşinqton sülh prosesinə müəyyən təkan vermək niyyətində idi”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşirli deyib.
O, son zamanlar ABŞ-Ukrayna təmaslarındakı intensivlikdən və “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınmasının mümkün nəticələrindən danışıb.
Siyasi şərhçi bildirib ki, istər telefon danışıqları, istərsə də prezidentlər arasında birbaşa görüşlər formasında ABŞ və Ukrayna arasında təmaslar kifayət qədər intensiv xarakter alıb:
“Bir müddət öncə ABŞ-nin Ukraynaya “Tomaqavk” raketlərini ötürməsi məsələsi ətrafında geniş müzakirələr aparılırdı. Hətta Rusiya rəsmiləri də məsələyə reaksiya verərək Vaşinqton və Kreml arasında münasibətlərin daha da gərginləşə biləcəyini bildirmişdilər. Xüsusilə Rusiyanın sabiq prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedyev mövzu ilə bağlı açıq mövqe sərgiləmişdi.
Əslində müşahidə olunan reallıq ondan ibarətdir ki, ABŞ özü də “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsində o qədər də maraqlı görünmür. Ola bilsin ki, Vaşinqton sülh prosesinə müəyyən təkan vermək niyyətində idi. Çünki ABŞ Prezidenti Donald Tramp da Rusiyanın dərinliklərinin vurulmasının münaqişənin eskalasiyasına səbəb ola biləcəyini bildirmişdi. Yəni Tramp münaqişənin daha da dərinləşməsini istəmir”.
E. Mirbəşirli deyib ki, “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsinin davam etdirilməsi prioritet hesab olunur:
“Çünki həmin sistemlər Ukraynanın müdafiəsinə dəstək məqsədi daşıyır, həm də münaqişənin daha kəskin mərhələyə keçməsinin qarşısını almağa yönəlib.
Görünən odur ki, Tramp administrasiyası Co Bayden dövründə olduğu qədər bu münaqişəyə birbaşa və ciddi müdaxilə etmə niyyətində deyil. Avropa ölkələri də zaman-zaman ABŞ-nin iştirakı ilə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsini istəyirdilər. Lakin bu istiqamətdə də hələlik ciddi addımlar müşahidə olunmur. Bu isə ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərin kəskinləşməsinə səbəb olmasa da müəyyən narazılıqların ritorik səviyyədə səsləndirilməsinə gətirib çıxarıb”, – deyə o bildirib.
Nəsimi Ələsgərli