İsrail regionu böyük bir yanğına sürükləyir - TÜRKİYƏLİ EKSPERT
İsrail beynəlxalq hüquqa məhəl qoymayan hərəkətləri ilə regionu böyük bir yanğına sürükləyir.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer Livan və İsrail arasında yarana biləcək mümkün hərbi münaqişə ehtimalından danışarkən deyib.
Siyasi şərhçi bildirib ki, İsrailin Livan torpaqlarına qarşı həyata keçirdiyi təcavüzkar hərəkətlər bu vəziyyəti yalnız ikitərəfli məsələ olmaqdan çıxararaq bütün regionu təhlükəli bir qeyri-sabitliyə sürükləyir:
“Mövcud məlumatlar və faktlar göstərir ki, İsrail bir daha sistemli şəkildə beynəlxalq hüququ, müharibə qaydalarını və BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarını pozaraq, Qəzzadakı atəşkəs prosesini kölgədə qoymaq və yeni müharibələr yaratmaq niyyətindədir.
2024-cü ilin noyabrında əldə olunmuş atəşkəsə baxmayaraq, İsrail ordusu bu razılaşmanı 4500-dən çox dəfə pozmuş, yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olmuşdur. Ordunun atəşkəsi yenidən pozaraq Livanın cənub və şərq bölgələrinə 10-dan çox hava hücumu həyata keçirdiyi bildirilir. Qəzzada yaranmış sülh ümidlərinə baxmayaraq, İsrail Livanın cənub və şərqinə 6-dan artıq hava hücumu təşkil etməklə beynəlxalq hüquqa məhəl qoymadığını bir daha nümayiş etdirib.
Livan Prezidenti general Cozef Avn bildirib ki, İsrailin hücumları 1701 saylı BMT qərarını və Livan ilə İsrail arasında əldə olunmuş atəşkəsi ciddi şəkildə pozur. Bu isə İsrailin BMT Təhlükəsizlik Şurası qərarlarına açıq meydan oxuması deməkdir. Bundan əlavə, İsrail son müharibə zamanı ələ keçirdiyi beş Livan təpəsini hələ də işğal altında saxlayır ki, bu da beynəlxalq hüquqa görə tamamilə qanunsuzdur.
İsrailin Nəbatiyyə, Sayda, Mərcayun və Bəalbek şəhərlərini hədəf alması nəticəsində bir nəfər həlak olmuş, ümumilikdə 11 nəfər yaralanmışdır. İsrail hərbi hava qüvvələrinin daş karxanalarını və sement zavodlarını vurduğu da bildirilir. Prezident Avn vurğulamışdır ki, İsrailin bu hücumları istehsal infrastrukturunu məhv etməyə, iqtisadi bərpanı əngəlləməyə və milli sabitliyi pozmağa yönəlmiş sistemli siyasətin tərkib hissəsidir. Bu hərəkətlər beynəlxalq humanitar hüququn mülki obyektlərin qorunması ilə bağlı əsas prinsiplərini kobud şəkildə pozur”.
Onun sözlərinə görə, İsrailin təcavüzkar davranışı bölgədə gərginliyi artırır və genişmiqyaslı qeyri-sabitliyə zəmin yaradır:
“ABŞ-nin Ankaradakı səfiri Barrakın “Livan tərəddüd edərsə, İsrail birtərəfli addım ata bilər” şəklindəki bəyanatı İsrailin hərbi eskalasiyaya hazırlaşdığına dair təhlükəli siqnal kimi qiymətləndirilir.
İsrailin Qəzzada başlayan sülh prosesini bölgəyə yaymaq və dəstəkləmək əvəzinə, Livana qarşı hərbi əməliyyatlarını artırması, diplomatik səyləri boşa çıxarır və beynəlxalq ictimaiyyətin diqqətini Qəzzadakı humanitar fəlakətdən yayındırmağa xidmət edir. İsrail beynəlxalq hüquqa məhəl qoymayan hərəkətləri ilə regionu böyük bir yanğına sürükləyir.
BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət İsrailin bu qanunsuz və təcavüzkar addımlarına qarşı dərhal və ən sərt reaksiya göstərməli, sanksiyalar tətbiq etməlidir. İsrailin suveren bir dövlətə qarşı başladığı bu təcavüzün dayandırılması, BMT qərarlarının tam icrası və regional münaqişənin qarşısının alınması həyati əhəmiyyət daşıyır. Əks halda, ABŞ-nin himayəsi və müdafiəsi yenidən işə düşərsə, İsrailin qanunsuz davranışları bütün bölgənin təhlükəsizliyini ciddi şəkildə təhdid edəcəkdir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli