Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məşhur rəssam-heykəltəraş: Əsas odur ki, qadın ruhən və qəlbən fahişə olmasın... bundan qorxulu heç nə yoxdur

Maraqlı adamdır. Həyata, hadisələrə, insanlara, xüsusən də qadınlara xüsusi baxışı var. İngiltərənin məşhur “Madam Tusso” muzeyində işləmiş yeganə azərbaycanlıdır.

Yenicag.az Çingiz Babayevlə çox fərqli müsahibəni təqdim edir.

– Əlimdə tutduğum bu kiçik üzük sizin zərgərlik, divarlardakı tablo və xalçalar rəssamlıq, xalçaçılıq, otağın küncündə dayanan mum fiqurunuz heykəltəraşlıq qabiliyyətinizdən xəbər verir. Üstəlik, mətbəxdən gələn xoş qoxunu da nəzərə alsaq, demək, həm də yaxşı aşpazsınız. Bir əldə bu qədər mərifət?

18721616_1046711255464253_538067264_o– (gülür) Şeir də yazıram, ikebana da düzəldirəm. Son illər bu barədə mənə çox sual verirlər. Soruşurlar ki, sən kimsən axı? İnanın, bilmirəm mən kiməm… Nə dizaynerəm, nə heykəltəraş, nə zərgər, nə də xalçaçı… Belə baxanda, demək heç kəsəm. Axı rəssam bütün günü rəngin içində itib-batır; mənimsə evimi görürsüz? Gül kimidir. O biri emalatxanam da belədir. Mənə maraqlı olan şeyləri edirəm. Düzdür, mən bu işləri yaradanda pul barədə düşünmürəm. Amma dolanmalıyam axı… Ona görə də bunları daha geniş kütləyə təqdim etməyin, başqa sözlə satmağın yollarını axtarıram.

– İlk əl işinizi xatırlayırsız?

– Əlbəttə. Bağçada plastilindən bir it düzəltmişdim. Müəlliməm evə aparmağa qoymadı. Apardı, şüşəli bir şkaf vardı, qoydu ora. Mən o itə elə həsrətlə baxırdım ki… Dedilər, onu sənə verə bilmərəm, çünki ən yaxşı əl işidir.

– Demək, uşaqlıqdan istedad sahibisiniz.

hhjjhjyuj– Əslində, bizim hər birimizdə o istedad var, sadəcə, bunu üzə çıxartmağı bacarmaq lazımdır. Bilirsiz, Allah heç kimi və heç nəyi elə-belə yaratmayıb. Hər şeyin öz fəlsəfəsi var.

– Sizin fəlsəfəniz nədir bəs?

– Həyatın özü bir fəlsəfədir, mən də ki hələ onu öyrənə-öyrənə gedirəm. Hərdən yaranış və yaradılış barədə danışanda qarşımdakılar elə bilir ki, dindaram. Axırda da deyirəm ki, mən Allaha inanmıram. Təəccüblə üzümə baxırlar…Soruşuram ki, axı mən nəyə inanım? Hər şey bu qədər aşkar ikən nəyə inanmalıyam ki? İndi mən inanmalıyam ki, Zakirə xanım qarşımda durub, mənimlə söhbət edir? Buna inanmaq hansı məntiqə uyğundur? Əgər bu həqiqətdirsə, buna inanmaq nəyə lazımdır ki? Mən realistəm. Çünki Allah məni elə yönəldib ki, bütün arzularıma çatmışam. Hətta şəxsi həyatımla bağlı elə hadisələr baş verib ki, hansısa səhv addımı atmamağım üçün gözümlə bir çox hadisələrə şahid olmuşam. Bax, o məqamlara təəccüblənmişəm.

– Bəs bir incəsənət adamı kimi qadınlar sizi nə qədər təəccübləndirir?

– Sizə bir etiraf edim? Mən qadınbazam. Çoxlu qadın dostlarım var. Həyatımda əldə etdiyim bir çox uğurlarda məhz qadınların rolu olub. Saatlarla oturum, söhbət edim, hətta ürəyimə belə yaxın buraxdıqlarım olur. Hər birinin fərqli baxışı, maraqlı aləmi var.

– Sizcə hansı qadın qorxuludur?

– Mən əxlaqsız qadını belə anlayar, onun düşüncələrinə hörmətlə yanaşaram. Əsas odur ki, qadın ruhən və qəlbən fahişə olmasın. Dünyada bundan qorxulu heç nə yoxdur.
Bir qadın öz kişisini başqa kişilərlə müqayisə edirsə, onun ailəsi möhkəm ola bilməz. Mənim bir dostum arvadının “başqa kişilər niyə yaxşı qazanır, sən yox?”, sözünə görə arvadından boşanıb.

18698686_1046711508797561_210785596_o– Mənə qadın obrazını sözlə çəkin…

– O obrazda hər şey var: qadın, qız, ana, bacı… Mənimçün qadının gözəlliyi onun xarici görünüşündən ibarət deyil. Səviyyə onun dilinin altındadır: dindir, necə biri olduğunu görəcəksən. Adətən bilirsiz necə olur? Allah sima gözəlliyi verir, amma bəndə o gözəlliyi təkmilləşdirmək üçün heç nə etmir. Gözəl qadınlar ağıllı olanda məəttəl qalıram və o anda kompliment deyirəm. Deyirəm, sən nəinki gözəl, eyni zamanda da ağıllısan, bu, nadir haldır.

– Bəs deyirlər, kişilər ağıllı qadınları sevmirlər.

– O küt kişilərdir. Qorxurlar ki, özü kütdür deyə, qadın onun yanında ağıllı görünər. Mənim elə qorxum yoxdur. Çünki yanımdakı qadın ağıllı olarsa, ondan başqa cür istifadə edəcəm.

– Həyatınızda ağıllı qadınlar çox olub?

– Ətrafımdakılar elə ağıllı qadınlardır da… Onlardan biri siz. (gülür) Mən axı küt adamla ünsiyyət qura bilmirəm, alınmır. Qadın xüsusi bir varlıqdır. Onu necə təcəssüm etmək lazımdır, deyə bilmərəm. Qadını ifadə etmək üçün şeir yazmaq, hətta rəqs belə etmək mümkündür. Çünki bunun üçün sözlər, rənglər, ifadələr belə acizdir. Mən İranda olanda bazarda bir heykəltəraşa rast gəldim. Çarşablı qadın totemi düzəltmişdi. Üstündə müxtəlif rənglərdə yazılar vardı. Soruşdum ki, orda nə yazmısan? Dedi, qadının bütün xüsusiyyətlərini:anadan tutmuş fahişəyə kimi… Çox maraqlı və sadə yanaşma idi. Amma mənim nəzəriyyəmə görə qadın kişinin bünövrəsidir. Bünövrəsi olmayan kişi yıxılar.

rftgrtrgrgfgttr– Onda Freyd nəzəriyyəsini tamamlayın… Sizcə qadın nə istəyir?

– (gülür) Qadın məgər nə istədiyini özü bilir ki? Özü bilsə biz kişilər də anlayarıq. Bir onu bilirəm ki, qadınların ən birinci kabusu yaşıdır.

– Amma psixoloqlar iddia edir ki, kişilər yaş faktorundan daha çox qorxur.

– Qorxu deməzdim, amma içimdə ürpəniş var. Yaşa dolmağımı bilirsiz hardan hiss edirəm? Əvvəllər küçədə gedəndə az qala bütün xanımlar mənə baxırdı, indi baxanlar çox azalıb. Amma elə ki, söhbət edirlər, görürlər ki, daxilim cavandır. İndi nolsun ki, üzümdə qırışlar əmələ gəlib, saçlar ağarıb. Deyim ki, özümə indi daha çox baxıram. Sağlam qidalanıram, yoqa ilə məşğul oluram, təmiz havada çox gəzirəm.

– Yaradıcılığınıza qayıtmaq istəyirəm. Bu gün nə işlə məşğulsuz?

– Köhnə layihələrimi tamamlamaq və yeni layihələrə başlamaq istəyirəm. Düşünürəm ki, nə qədər vaxtım var, yaradıcılığa həsr edim. Hazırda yeni xalça eskizləri üzərində işləyirəm. Bir 20 eskiz etməliyəm ki, Xalça muzeyində sərgi keçirim. Planlarım çoxdur.

– Bəs mum heykəllərə olan marağınız? Axı mən biləni siz Londondakı “Madam Tusso” muzeyində təcrübə keçən yeganə azərbaycanlısız…

– Bizim bir dostumuz vardı Amerikada… O xəbər verdi ki, bəs Madam Tusso muzeyi Nyu-Yorkda işçi qəbul edir. Həmin o illərdə mənim də əlimdə bir az pul vardı, bir az da borc edib getdik və sınaqdan keçdik. Bir il ABS-da çalışdım. Sonra studiyanı Londona köçürtdülər, mən də ora yola düşdüm. Düz 3 il İngiltərəni qarış-qarış gəzdim, bütün qalereyalarda, muzeylərdə oldum.

– Bəs “Madam Tusso” muzeyində işləmiş bir mum heykəltəraş kimi Azərbaycanda sizin bacarığınızdan istifadə edən oldumu?

18720743_1046711308797581_1458720774_o– Mirzə Fətəli Axundovun Tiflisdəki ev muzeyi üçün dramaturqun mum heykəlini düzəltdim. Deməli, həmin ev ikimərtəbəlidir. Yuxarıda muzey, aşağıda isə “Müsyö Jordan” adlı kafe yerləşir. Axundovun həmin o mum heykəli hər gün gələnləri salamlayır. Bu yaxınlarda da bir sifariş vermək istədilər. Görünür qiymət xoşlarına gəlmədi.

– Bəs heykəli hazırlamaq üçün vəsaitləri hardan əldə edirsiz?

– İngiltərədən gətirdirəm. Bu materiallardan Madam Tussoda olanda istifadə etmişəm. Saçlar təbiidir. Gözlər xüsusidir.

– Və siz danışırsız… Mənim fikrim evin küncündə durub, mənə baxan Çingiz Babayevin mum fiqurunda qalıb.

18698753_1046711452130900_1176309175_o– Bizə kim gəlir, bu heykəli görən kimi xoflanır. Öz heykəlimi yaratmağımın da qəribə tarixçəsi var. Fərdi sərgimi keçirirdim. Bir ideyam vardı: hasarlar və insan. Təsəvvür edin: zalın ortasında daşdan hasar tikdirdim. Bir daşı da çıxartdım ki, gələn tamaşaçı pəncərə əvəzi o yerdən baxa bilsin. Aha…hasarın o üzündə mən dayanmalı idim axı. Bəs qonaqları kim qarşılayacaqdı? Saatlarla eyni vəziyyətdə, eyni nöqtəyə baxaraq dura biləcəkdimmi? Beləcə, ağlıma bu fiqur gəldi. Və özüm sağ ikən özümü əbədiləşdirdim.

– “Madam Tusso” muzeyi İstanbulda da açılıb. Məncə, sizə orda böyük ehtiyac var.

– Axı məni ora dəvət edən yoxdur.

– Bəlkə sizdən xəbərləri olsa dəvət edərlər?

– Bilmirəm vallah. Bundan sonra hardasa yaşayıb-yaşamayacağımı düşünməmişəm. Çünki insan yaşa dolduqca torpağına daha çox bağlanır. Bu gün mənim anladığım həqiqət budur.

 

Zakirə Zakirqızı
Yenicag.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1175
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100