!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

!Reklam – Yazi

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda əvvəlcə lokal xarakterli antiterror tədbirləri zamanı həlak olmuş Vətən övladlarının və jurnalist, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

MŞ sədri R.Məcid Azərbaycanın dövlət suverenliyini bərpa etməsinin tariximizdə son dərəcə böyük və qürurverici hadisə olduğunu vurğulayıb, bu istiqamətdəki prinsipial və qətiyyətli mövqeyinə görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə MŞ İdarə Heyəti üzvlərinin təşəkkürünü çatdırıb.

Gündəlikdə duran məsələlər barədə məlumat verən R.Məcid İdarə Heyətinin ötən iclasından sonrakı müddətdə görülmüş işlərə diqqət çəkib. O, rəhbərlik etdiyi qurumun keçirdiyi görüşlərdən, təşkil etdiyi tədbirdən, həmçinin İH üzvlərinin müxtəlif miqyaslı toplantılarda iştirakından söz açaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi MŞ-nin yaydığı bəyanat və müraciət mətni üzərində dayanıb. R.Məcid bildirib ki, sentyabrın əvvəlində BBC telekanalı, o cümlədən, bu media qurumunun Azərbaycan xidməti ölkəmizlə Ermənistan arasında münasibətlər, Qarabağ İqtisadi Rayonunun ermənilərin yaşadığı ərazisindəki vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlayır, qərəzli iddialar irəli sürürdü. Şura buna etiraz əlaməti olaraq sentyabrın 3-də bəyanat yayıb. Qurum sentyabrın 19-da ölkə jurnalistlərinə müraciət ünvanlayaraq lokal xarakterli antiterror tədbirlərinin mediada işıqlandırılmasına peşəkar yanaşılmasına dair çağırış səsləndirib. R.Məcid media subyektlərimizin məsələ ilə bağlı həssaslığını yüksək qiymətləndirib.

MŞ sədrinin müavini, qurumun Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu çıxışında daxil olmuş şikayətlərlə bağlı görülmüş işləri diqqətə çatdırıb. O bildirib ki, Şura ötən müddətdə cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin ünvanladıqları 9 şikayəti araşdırıb. Komissiya həmin şikayətlər əsasında müəyyənləşdirib ki, narazılıq doğurmuş materiallarda əsasən qarşı tərəfin mövqeyinin işıqlandırılmasına laqeyd yanaşma, birtərəfli təqdimat halları üstünlük təşkil edir. Elə şikayətlər də var ki, onlarda tənqid hədəflərinə münasibətdə aşağılayıcı rəftar müşahidə olunmaqdadır. Komissiya bu sayaq hallardan ikisi ilə bağlı qərar çıxarılmasını məqbul sayıb. Qərar layihələri müzakirə edildikdən sonra yekdilliklə təsdiqlənib. Beləliklə, Şuranın “Hefteaz.com” (Həftəlik Azərbaycan) və “Deryaz.az” saytları ilə bağlı qərarları çıxarılıb.

İclasda MŞ üzvlüyünə qəbul məsələləri ətrafında müzakirə də aparılıb. Bununla əlaqədar çoxsaylı müraciətlərin olduğu və Şuranın Katibliyinin mövcud istiqamətdə müvafiq iş apardığı vurğulanıb. Müzakirədən sonra “Füyuzat” jurnalı MŞ üzvlüyünə qəbul olunub.

İclasda MŞ sədrinin müavini V.Zifəroğlu 45, MŞ İdarə Heyətinin üzvü Azər Həsrət 55 illik yubileyləri ilə bağlı təltif olunublar.

Cari məsələnin müzakirəsində İH üzvləri əsasən regional medianın durumu ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, bu tip media vasitələrinin problemlərin öyrənilməsi üçün sistemli işin aparılmasına ehtiyac var. Mövcud istiqamətdəki gələcək fəaliyyətin strukturuna nəzər salınıb, vəzifələr müəyyənləşdirilib.

COP29

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv