Mətbuatın 150 illiyi ilə bağlı tədbir keçirildi - FOTO
Mənim təşəbbüsümlə, “Magen David Azərbaycan – İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirdik.
Çıxışımda Azərbaycan mətbuatının “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər keçdiyi mürəkkəb, çətin və eyni zamanda şərəfli yoldan bəhs etdim. Mətbuatımız xalqımızın maariflənməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyət və incəsənətimizin təbliği və inkişafında mühüm rol oynayıb.
Azərbaycanın müstəqillik dövründə mətbuatın inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il 6 avqust tarixində verilmiş Fərmanla kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv olunması jurnalistlər üçün azad söz imkanlarını genişləndirdi. 1999-cu ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” qanunla isə mətbuat orqanlarının təsis edilməsi üçün dövlət icazəsi tələbi aradan qaldırıldı.
Vurğuladım ki, media nümayəndələrimiz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirərək Azərbaycanın Böyük Zəfərinin müjdəçiləri oldular.
Bu gün dövlətimizin qarşısında duran əsas prioritet məsələlərdən biri də Qərbi Azərbaycana qayıdışdır. Arzu edirəm ki, bu möhtəşəm müjdəni tezliklə xalqımıza və dünyaya çatdırasınız. Necə ki Prezident, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Qarabağımıza qayıtdıq, eyni birlik və iradə ilə Qərbi Azərbaycanımıza da qayıdacağıq!
Dəvətimizi qəbul edərək tədbirimizdə iştirak edən dəyərli deputat həmkarlarıma, media rəhbərlərinə və jurnalistlərimizə minnətdarlığımı bildirirəm.
Həmçinin, tədbirimizin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, xüsusilə də əziz həmkarım, “Magen David Azərbaycan”ın fəxri sədri Anatoliy Rafailova və cəmiyyətin baş direktoru, Ümumisrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstova təşəkkür edirəm.