Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
www.yenicag.az