Millət vəkili Heydər Əliyevdən yazdı
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Milli Qurtuluş Günündə mərhum prezident Heydər Əliyevlə bağlı özünün facebook hesabında geniş yazı ilə çıxış edib. Yenicag.az həmin yazını təqdim edir:
Tarixdə elə şəxsiyyətlər var ki, onlar əbədiyaşar statusu qazanırlar. Vəfatlarından illər keçsə belə, onların həyat və fəaliyyətləri öyrənilir, gələcək nəsillər onların fəaliyyətlərini tədqiq edirlər. Yaddan çıxarılmamalıdır ki, Azərbaycan xalqının tarixində qəhrəman və görkəmli şəxsiyyətlərin xüsusi rolu var. Onlar tarixdə özünəməxsus yer tutublar.
Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu, Türk dünyasının dahi şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında günlərlə və aylarla danışmaq olar. Çünki, zəngin həyat fəaliyyətinə malik olan dahi şəxsiyyət bütün ömrünün çox hissəsini Azərbaycan xalqının güclənməsinə və dövlətimizin dünyada öz yerini tutmasına həsr edib. Heydər Əliyev sovet xüsusi xidmət orqanlarında general-mayor rütbəsinə yüksələn ilk azərbaycanlı olub. Ulu öndər 1969-1982-ci illərdə Mərkəzi Komitəyə rəhbərlik edərkən ölkəmiz sovetlər birliyində ən qabaqcılq və inkişaf etmiş sənaye dövlətlərindən birinə çevrilməsi faktı tariximizin ən yadda qalan səhifələrindəndir. Nəticədə yeni zavod və müəssisələr tikildi. Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasının qoyulması sonradan müstəqil ordumuzun formalaşmasında misilsiz rol oynadı. Bu fakt Heydər Əliyevin uzaqgörən siyasətçi olduğunu sübut edir. Müstəqil Azərbaycan ordusu bu məktəbin fəaliyyəti nəticəsində formalaşdı.
Heydər Əliyev gənclərimizin savadlı olmasına xüsusi önəm verirdi. Onun zamanında gənclər Rusiyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilirdi. Bu isə gələcəkdə ölkəmiz üçün savadlı kadrlar hazırlanması demək idi. Bir sözlə, ulu öndər dövlətimizin inkişafı üçün kompleks siyasi kurs həyata keçirirdi. Sonradan 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olub. Bütün fəaliyyəti sovetlər birliyini əhatə etməyə başladı. Xüsusilə, onun fəaliyyəti dünyanın əksər media orqanlarının diqqətini cəlb etmişdi. Qərb mediası onu yenilikçi və islahatçı siyasətçi kimi təqdim edirdi. Onu da qeyd edək ki, həmin media qurumları onun SSRİ-nin gələcək yeni rəhbəri gördüklərini açıq-aydın yazırdılar. Təbii, bu SSRİ-nin digər rəhbərlərini və xüsusilə, başda Mixail Qorbaçov daxil olmaqla onları narahat etməyə bilməzdi. Onlar müxtəlif vasitələrlə Heydər Əliyevin siyasi səhnədən getməsinə çalışırdılar və məkrli planlar hazırlayırdılar. Düzdür, onlar istəklərinə nail olsalar da, xalqımız ulu öndəri unutmadı və onu öz doğma vətəninə dəvət etdi. 80-ci illərin sonlarından başlayaraq, Sovet Birliyində siyasi çaxnaşmalar və əsarət altında yaşayan xalqların milli-azadlıq hərəkatı başlayırdı. Sovet ordusunun Azərbaycanda 20 yanvar hadisələrini törətməsi, artıq imperiyanın məhvindən xəbər verirdi. Buna ən sərt etirazını bildirənlərdən biri də ulu öndər olmuşdu. O, Azərbaycan nümayəndəliyinə gələrək, imperiyanın siyasətini ifşa etmişdi. O zaman siyasi proseslər gərginləşirdi və bütün bunların fonunda da ulu öndərin yaşadığı Naxçıvan Muxtar Respublikasınında siyasi-ictimai vəziyyət qarışırdı. Xüsusilə, ermənilərin Dağlıq Qarabağ və Naxçıvana hücumları artırdı. Belə olan halda ulu öndərin siyasi proseslərdən kənarda durması mümkünsüz idi. Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsi Naxçıvanda da böyük alqışla qarşılandı. Ən nəhayət 1992-93-cü illərdə Azərbaycanda vəziyyətin qarışması və xaos, dağıdılmış iqtisadiyyat və orduda qeyri-stabil durumun hökm sürməsi ölkəmizi məhvə doğru aparırdı. Belə olan halda xalqın və o vaxtkı siyasi rəhbərliyin təkidi ilə ulu öndər yenidən hakimiyyətə gəldi. Böyük səs çoxluğu ilə Heydər Əliyev yenidən ölkə prezidenti seçildi. Böyük sıçrayışlar baş verdi. Güclü dövlətçilik sistemi quruldu. Ölkədə qeyri-qanuni silahlı birləşmələr ləğv olundu. Uğurlu enerji siyasəti həyata keçirildi. Ölkədə bütün sahələrdə böyük quruculuq proseslərinin əsası qoyuldu.
Bu gün ulu öndərin siyasi kursu əmin əllərdədir və onun oğlu, cənab prezident İlham Əliyev tərəfindən uğurla aparılmaqdadır. Heydər Əliyevin şah əsəri olan Azərbaycan, bu gün güclü və beynəxalq tədbirlərin ev sahibliyi etdiyi bir dövlət halına gəlib. Nə qədər Azərbaycan xalqı var, hər zaman böyük şəxsiyyətin xatirəsini hörmətlə yad edəcəkdir. Allahdan ulu öndərə rəhmət diləyirik!