Milli Məclisin deputatı: “Münasibətlərin gələcək inkişafı Avropa Şurasının obyektivlik və bərabər yanaşma prinsiplərini təmin etməsindən asılı olacaq”
“Çox təəssüf ki, Frank Şvabe kimi təxribatçıların təmsil olunduğu AŞPA ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirir”.
Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin AŞPA-nın Azərbaycana qarşı təxribatları və qeyri-peşəkar fəaliyyəti haqqında bildirdiyi fikirləri analiz edib.
K. Nurullayeva AŞPA-nın ədalətsizliyindən söz açaraq qeyd edib:
“IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bir daha bəyan etdi ki, əgər Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, bunun ölkə daxilində ciddi təsiri olmayacaq və hətta müəyyən istiqamətlərdə daha müsbət nəticələr yarana bilər. Bu açıqlama təsadüfi bəyanat deyil. Son illərdə Azərbaycanla AŞPA arasında formalaşmış siyasi gərginliyin növbəti təzahürüdür.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü kimi təşkilatın fəaliyyətində iştirak edib. Bu müddət ərzində insan hüquqları, hüquqi islahatlar və demokratik institutların inkişafı istiqamətində müxtəlif proqramlar həyata keçirilib. Lakin təəssüf ki, Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə AŞPA münaqişənin həlli istiqamətində prinsipial mövqe ortaya qoymayıb. Əvəzində, 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Assambleyanın Azərbaycana yönəlmiş tənqidləri daha da intensivləşib.
Cənab Prezidentin də söylədiyi kimi, «Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi».
Bu qərar rəsmi Bakıya qarşı siyasi motivli və ayrı-seçkilik xarakterli addım idi. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı.”
K. Nurullayeva AŞPA-da Azərbaycanın səsvermə hüququnun əlindən alınmasını təxribat kimi qiymətləndirib:
“Əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq? Çox təəssüf ki, Frank Şvabe kimi təxribatçıların təmsil olunduğu AŞPA ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirir. Məsələ burasındadır ki, Şvabenin insan hüquqları, iqlim siyasəti və beynəlxalq münasibətlər sahəsində bəyan etdiyi prinsiplərlə praktik fəaliyyəti arasında uyğunsuzluqlar kifayət qədərdir. Siyasi karyerasını anti-Azərbaycan, anti-türk tezislər üzərində quran Şvabe COP29 öncəsi xüsusi canfəşanlıq edir, iqlim konfransına kölgə salmağa can atırdı.
Ümumiyyətlə, son illərdə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bəyan etməsi, regionda yeni nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun artması beynəlxalq təşkilatlar tərəfindən də nəzərə alınır. Təsisatlar regiondakı yeni reallıqları obyektiv qiymətləndirməli, siyasi yanaşmalardan daha çox beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərin gələcək formatını yenidən qiymətləndirir. Münasibətlərin gələcək inkişafı Avropa Şurasının öz fəaliyyətində obyektivlik və bərabər yanaşma prinsiplərini nə dərəcədə təmin edə bilməsindən asılı olacaq.”
Nurlan Cəfəri













