Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib.
Əvvəlcə S.Novruzov “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsini təqdim edib. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilən bir sıra ərazilərimizdə kənd və rayon adlarının dəyişdirilməsi prosesinə artıq başlanılıb. Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, “xülyalarını” dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir.
Komitə sədri Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.
S.Novruzov gündəlikdəki ikinci məsələnin – “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə sənədin də bununla bağlı olduğunu, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Onlayn toplantıda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə üzvləri Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Məzahir Əfəndiyev müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər. İşğaldan azad olunmuş ərazilərimizdə bələdiyyələrin formalaşması, sürətli məskunlaşmanın və torpaq islahatı prosesinin həyata keçirilməsi, yeni ərazi vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti barədə söhbət aparılıb. Belə məsələlərin həyata keçirilməsində dövlət mexanizmləri və dünya təcrübəsi barədə danışılıb.
Onlayn iclasda komitə üzvləri Nizami Cəfərov, Cavid Osmanov, Əliabbas Salahzadə, Elşən Musayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva da qatılıblar.
İclasın sonunda hər iki məsələnin Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilməsi qərara alınıb.
www.yenicag.az