!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

18 yaşlı 20 Yanvar şəhidinin bacısı: "Son nəfəsində əlləri ilə saçımı sığallayıb..."

!Reklam – Yazi

“Hər gün sığalladığı saçlarımı son nəfəsində son dəfə sığallayıb şəhid oldu”.

Bunu 20 yanvar faciəsində şəhid olmuş 18 yaşlı Cabbarov Firuz Vəli oğlunun bacısı Gülnarə Cabbarova Yenicag.az-a deyib.

“12 yaşım vardı. Oyunlar oynayıb dərddən-qəmdən uzaq bir uşaq idim. Yanvarın 19-dan 20-nə keçən gecə evimizdə televizoru açıb yayım olmadığını gördük. Səhər də eynilə işləmədi. Yaxşı yadıma gəlir, səhər saat 8-9 radələrində televizor açıldı və bir xəbər yayımlandı: “Axşam saatlarında Bakıya qoşun yeridilib, çox sayda vətəndaşımız şəhid olub”. Qorxuya düşdük, yaxınlarımızın şəhid olduğunu öyrəndik. Qardaşım Bakıda oxuyurdu həmin vaxt. Həsrətlə ondan xəbər, zəng gözlədiyimiz günlər başladı. Hər an ağır xəbər eşidəcəyimizi hiss edirdik, çünki qardaşımdan xəbər yox idi. Bir neçə gün sonra qapımız döyüldü. 3 nəfər xalamgilin qohumu gəlmişdi. Heç nə demədən atamı və anamı apardılar. Biz uşaq idik, qorxu və həyəcanla valideynlərimizin niyə aparıldığını öyrənmək üçün gözləyirdik.

Bir neçə saat sonra valideynlərim döndülər. Qardaşım gəlmədi, onu gətirdilər. O, tanınmaz vəziyyətdə idi. 12 yaşında uşağın ən sevdiyi qardaşını o vəziyyətdə görməsi çox ağırdır. İnana bilmirdim ki, o qardaşımdı. O, çox tanınmaz halda idi, amma hələ də üzündən aldığı o ağır xəsarətlərə baxmayaraq, yaşayırdı. Bir neçə gün sonra o vəfat etdi. Hər şeyi uşaq ağlımla başa düşəndə bütün dünyam çökdü. Dünyamız qaraldı.

Bilirsiniz, bunları dillə danışmaq çox asan, yaşamaq bir o qədər çətindir. O, sağ ikən başına gələnləri, yaşadıqlarını o vəziyyətdə danışırdı. Tankların şəhərə necə girdiyini, insanların tankların qarşısında necə dayandığını və ölümlərini gözə alıb onların üstünə yeridiyini, insanların tankların altında necə qalaraq öldüyünü danışırdı. Biz isə sadəcə susub dinləyirdik. Bir neçə gün sonra artıq nə o danışdı, nə biz dinləyə bildik onu. Artıq şəhid olmuşdu…

Biz onsuz yarım qaldıq. O mənim tək qardaşım deyildi, o mənim hər şeyim idi. O, 12 yaşlı Gülnarənin həm anası, həm atası idi. Məni anlayan, məni başa düşən qardaş idi. Hər yay tətilində gələrdi rayona, mənim uzun saçlarımı darayardı, gül düzərdi saçlarıma. O bu dünyadan gedənə qədər mən onu tək qoymadım, o isə vətəni qorumaq üçün bizi tək qoyub getdi. Onun son sözləri hələ də qulaqlarımdadır. Son nəfəsində əlləri ilə saçımı sığallayıb: “Məndən sonra bu saçı saxlama”, – deyib şəhid oldu. Onun ölümünün 7-ci günündə saçlarımı onun məzarına qoydum. O vaxtdan bəri mən daha saçlarımı bir də uzatmadım…”

Nurlan Cəfəri

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv