Azərbaycan milli mətbuatının yaranmasının 149-cu ildönümü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialındın kollektivi tərəfindən də böyük ehtiramla qeyd olunub. SİA xəbər verir ki, ADPU-nun Quba filialının bir qrup əməkdaşı əvvəlcə Qubadakı Həsən bəy Zərdabi qəsəbəsində olublar. Ustad qəzetçinin adını daşıyan parkdakı Həsən bəy Zərdabinin büstü önünə tər çiçəklər düzüblər.
Filialın direktoru dosent Yusif Alıyev bildirib ki, XIX əsrin sonlarına yaxın bütün Qafqazın ictimai-siyasi və mədəni həyatında böyük əks-səda doğuran “Əkinçi” qəzetinin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi şəxsən özü olub. İki il ərzində cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq bu qəzet Azərbaycanın milli mətbuatının bünövrəsi və bayraqdarı kimi tarix qazanmışdır. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər görkəmli ziyalıların Zərdabi işığında toplanması Həsən bəyin milli zəmində arzu və istəklərinin gerçəkləşməsi üçün böyük stimula çevrilmişdir.
ADPU-nun Quba filialındın kollektivi sonra Qubadakı Media Şəhidləri Parkını ziyarət edərək buradakı qəhrəman jurnalistlər abidəsinin qarşısına gül-çiçək düzüblər. Bütün şəhidlərimizin ruhlarına dualar oxunub.
Ziyarətdə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elza Orucova, ADPU-nun Quba filialındın direktor müavini p.ü.f.d Aysel Şeydayeva, struktur rəhbərləri Nəhayət Şirinova, Mələk Bağırova, Yusif Abayev, Seyid Cabbarov, Samirə Hacıyeva, əməkdaşlar-Sevinc Babaşova, Ləman Əliyeva, Türkan İskəndərova iştirak ediblər.
Fikir və düşüncələrini bölüşən direktoru Yusif Alıyev bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya yayan Milli Mətbuatın tarixi missiyası qürur mənbəyimizdir. Azərbaycan mətbuatının nümayəndələri öz peşə borclarını ləyaqətlə yerinə yetirdikləri kimi Vətənin müdafiəsində də eyni əzmkarlıqla mübarizə aparıblar.