Milli qəhrəmanın ailəsi dələduzluqla üzləşdiyini deyir - ŞİKAYƏT
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva dələduzluqla üzləşib.
Yenicag.az xəbər verir ki, bu barədə AFN.az-a N.Mirzəyeva özü bildirib. Onun sözlərinə görə, bibisi Mirzəyeva Nailə də onunla birgə dələduzluq qurbanıdır. Belə ki, hazırda həkim işləyən N.Mirzəyeva öz qohumu olan Muradova Mina Murad qızı tərəfindən aldadıldığını iddia edir:
“Onunla 2024-cü ilin avqustunda təsadüfən toyda rastlaşmışdıq. Onda mənə VTEK-də işlədiyini, pensiya, əlillik, müharibə veteranlarına və qəhrəmanlarına müxtəlif yardımlar göstərdiyini bildirmişdi. Yoldaşımın kəndindən olan bir nəfər əlillik dərəcəsi kəsildiyindən şikayətlənmişdi və mən onu Mina ilə əlaqələndirərək işinin düzəlməsinə yardım etmək istədim. Mina özünə məxsus kart hesabını göndərərək 2000 AZN məbləğində ödəniş istədi, həmin ödəniş olundu. Lakin iş düzəlmədi. 08.09.2024-cü il tarixdən bu günə kimi Mina nə bizim ödənişimizi qaytarırır, nə verdiyi sözü tutur. Bizə sonradan məlum oldu ki, biz bu qadının dələduzluğunun qurbanına çevrilmişik. Belə ki, bizim kimi onlarla adama özünü VTEK-in işçisi kimi təqdim etməklə onların etibarından sui-istfiadə edərək pullarını ələ keçirib”.
N.Yusifovanın bibisi Nailə Mirzəyeva isə haqqında söhbət gedən M.Muradovaya nə az, nə çox, 13 min manat verib: “Özünü VTEK-in işçisi kimi təqdim etmişdi. Mənim həyat yoldaşım I qrup əlildir. Mina Muradova mənə dedi ki, 15 min AZN ödəsək, yoldaşımı əlil kimi siyahıya saldırıb, ev verdirəcək. Bu təklifdən sonra iki banka kreditə girərək, əlimdə olan vəsaitin üstünü tamamlayıb 13.000 AZN düzəldib Minaya verdim. Ödənişi etdikdən 1 ay sonra mənə bir texniki pasportun şəklini göndərdi və dedi artıq sizin eviniz hazırdır, bu çıxarış da həmin mənzilin çıxarışıdır. Bir müddət keçdikdən sonra həmin binanın qarşısında şəkil çəkib mənə göndərdi, bina artıq hazırdır, son tamamlama işləri aparılır. Beləcə artıq iki ilə yaxındır ki, pulumu qaytarmır”.
Şikayətçilərin sözlərinə görə, M.Muradova onlardan başqa adamlara da özünü VTEK işçisi kimi təqdim edərək xeyli miqdarda vəsait “atıb”. Həyat yoldaşının qardaşı əlil olan Xasiyeva Zümrüd də ev növbəsinə yazılıb ev almaq üçün Muradova Minaya 15.000 AZN məbləğində pul verib:
“Məndən 20 min istəmişdi, dedim gücüm 15 minə çatır. Müxtəlif çıxarışlar göstərdi, dedi ki, o evləri bu düzəldib, alıb başqa-başqa adamlar üçün. Pulu gəlib evimdən götürdü getdi. Həmin prosesi videoya çəkmişik. 2024-cü ilin avqustunda vermişəm pulu ona. Ondan bəri nə söz verdiyini elədi, nə pulu qaytardı. Bu barədə dəfələrlə telefon yazışmalarımız oldu, hər dəfəsində yola verməklə məşğul oldu”.
Şikayətçilərin sözlərinə görə, hazırda iş üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. N.Mirzəyeva bildirdi ki, o, dekabr ayında Nəsimi Rayon Polis İdarəsinə müraciət edib, lakin zərərçəkənlərin çoxu Binəqədi rayonunda olduğu üçün iş ora göndərilib.
M.Muradova AFN.az-a açıqlamasında bildirdi ki, məsələ hazırda istintaq tərəfindən araşdırılır: “Hər şey sonda bəlli olacaq. Mən özünü təqsirli bilmirəm”.













