Millidəki Santoş ERASI BİTDİ – “Kontraktıma sadiqəm” deyərək ancaq pulu düşündüyünü göstərdi”
“Fernando Santoşun istefası məsələsində AFFA-nın günahı vaxtında baş məşqçi seçərkən doğru qərar verməməsi idi”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman eksperti Kənan Məstəliyev deyib.
O, milli komandanın baş məşqçisi Fernando Santoşun İslandiyaya məğlubiyyətdən sonra qovulması məsələsinə münasibət bildirib.
O, diqqətə çatdırıb ki, yeni xarici məşqçiyə ehtiyac yox idi:
“Əcnəbi məşqçi ilə yığma komandamız o qədər uğurlu ola bilmir. Ümumiyyətlə, Azərbaycan futbol yığma komandasına əcnəbi məşqçinin üz tutması lazım deyil. Bunu illərdir dəfələrlə, yüzlərlə, minlərlə dəfə demişik. Onun təcrübəsinə əsaslanaraq gətirilməsi doğru deyildi. Amma ən azından gətirilibsə, arxasında dayanmaq, ona şans vermək, güvənmək doğru qərar idi. Bu məsələdə ardıcıllıq nümayiş etdirildi və məşqçinin arxasında dayandılar – bu boyda məğlubiyyətə rəğmən… Amma artıq İslandiyaya qaşı olan məğlubiyyət son damla oldu və qərar verildi. Ziyanın yarısından dönmək də xeyirdir. Düşünürəm ki, bundan sonra milli komandamızla bağlı daha yaxşı xəbərlər eşidəcəyik”.
“O ki qaldı günah məsələsinə, mən düşünürəm ki, burada Santuşun günahı daha çoxdur. Özünə hörmət etməyən, öz şəxsiyyətinə hörmət etməyən bir mütəxəssisin yığma komandamızın başında yeri yoxdur. Bu qədər qarşılaşma keçirdi – nə güclülərlə, nə zəiflərlə, nə də zəiflərin zəifləri ilə heç bir nəticə qazana bilmədi. Yoldaşlıq görüşlərində heç nə ilə yadda qalmadı – nə taktiki, nə texniki, nə strateji baxımdan. Üstəlik, ona ünvanlanan sualları çox soyuqqanlı, vecsiz şəkildə qəbul etdi. “Kontraktıma sadiqəm” deyərək ancaq pulu düşündüyünü açıq göstərdi. Belə bir şəxsin nəinki milli komandada, ümumiyyətlə, futbolda yeri yoxdur. Bu adam bu yaşa qədər necə gəlib, nə hiss edib – mən hələ də başa düşmürəm”, – deyə o, əlavə edib.
Jurnalistin fikrincə, Azərbaycan yığma komandasının son bir il yarımdakı problemlərinin bir nömrəli günahkarı məhz Fernando Santoş oldu:
“AFFA da onu gətirməklə səhv etmişdi, amma bu, ola biləcək şeydir. Yəni baş məşqçi olaraq Avropa çempionu gətirə bilərsən, düşünə bilərsən ki, oyun təcrübəsi varsa, yığmaya kömək edə bilər. Lakin yeni baş məşqçi də öz işinin öhdəsindən düzgün gəlməli idi. Hər şey pulla, peşə müqaviləsi ilə deyil – ürək qoymaq lazım idi. Fernando Santoş Azərbaycan yığmasına ürək qoymadı. O, yalnız müqaviləsini və pulunu sevirdi. Ona görə də nəticələr yox idi. Düşünürəm ki, onun göndərilməsi doğru qərardır. Ayxan Abbasovun təyinatı isə müvəqqəti olsa da, doğrudur. Məncə, ona şans verilsə, daha yaxşı nəticələrə imza ata bilər”.
Rafi Müslümov