Millimizin məşqçisindən Kristof Dauma cavab

Rumıniya millisinin baş məşqçisi Kristof Daum müsahibəsində ölkə futbolunun inkişafından danışıb. Təcrübəli mütəxəssis açıqlamasında bu sahədə inkişafa necə nail ola biləcəklərindən edib.

Futbol məktəblərinə və akademiyalarına sərməyə yatırmağın vacibliyini vurğulayan Daum, Rumıniyanın futbolunun analizə ehtiyac olduğunu bildirib:

“Qeyd etdiyim məsələlər reallaşmasa, gənclər İtaliya, İngiltərə və İspaniya kimi ölkələrə üz tutub, yad ölkələrdə təhsil alacaqlar. Baxın, gənclərdən ibarət yığmamız Azərbaycana uduzur. Daha sonra Lixteynşteynə də məğlub olmuşuq. Məgər Lixteynşteynin futbol oynadığını bilirdiniz?”

Maraq üçün deyək ki, 2016-cı ilin oktyabrında Rumıniyadan olan həmyaşıdlarını Vüqar Məmmədin rəhbərlik etdiyi U-17 millimiz məğlub edib – 1:0. Bu səbəbdən Daumun açıqlamasına Vüqar bəydən də münasibət öyrəndik:

“Daum düz deyir. Çox yaxşı analiz aparıb, Almaniyadakı nümunəvi iş üslubundan danışıb. O, bu gün Rumıniya futbolunu Azərbaycan futboluyla fərqləndirməkdə haqlıdır. Çünki həqiqətən də futbolumuzda inkişaf var. Rumıniya millisi ilə keçirtdiyim oyun buna sübutdur. Daum həmin qarşılaşmanı canlı izləmişdi. Meydan sahiblərinin maneələrinə baxmayaraq, oyunda qələbə qazanmağa nail olmuşduq. Ancaq bu nümunəvi futbol akademiya sistemi bizə də aiddir.”

Xatırladaq ki, Vüqar Məmməd hazırda U-15 və U-16 millilərimizin baş məşqçisidir.

Yeniçağ.az