Reklam

Reklam

Yüzminlərlə dollar qarşılığında hər il onlarla idmançı milli komandalarımıza cəlb olunur. Təbii ki, bunlardan uğuru olanları da var, aldığı pula layiq olmayanlar da…

Maraqlıdır, minumum 200-250 min qarşılığında yığma komandalarımızda oynamaq üçün razılaşanlar sonradan hara “qeyb” olurlar? Ən qəribəsi də odur ki, bəzi gəlmələr sadəcə, bir il müddətinə millimizin “şərəfini qoruyur”lar.
Maraqlı məqamlardan biri də budur ki, “milliləşmiş” idmançılar ən çox İlk Avropa Oyunları ərəfəsində yığmalarımızın heyətinə “dolduruldular”.

Yeniçağ.az Azərbaycana böyük mədləğlər müqabilində gətirilən idmançılarla bağlı araşdırma aparıb. Və nəticədə məlum olub ki…

İş adamı Elçin Zeynalovun rəhbəri olduğu Azərbaycan Avarçəkmə Federasiyası millisinin heyətinə ən çox əncəbi qatan qurumlardandır. Millinin heyətində 10 nəfərə yaxın idmançı var, onun da 6-7-si xaricidir. Millimizin heyətində ən az qalan Ukraynanın Olimpiya və Dünya çempionu, 35 yaşlı kanaoeçi İnna Osipenko-Radomskayadır. Məlumata görə, ona Azərbaycanı sadəcə bir il – Olimpiya Oyunlarında təmsil etməyə görə təxminən 400 min dollar məbləğ ödəyiblər. Bu pulun qarşılığında İnnadan növbəti Olimpiya medalı gözləyirdilər. Düzdür, I yer olmasa da, nəticə pis deyildi: bürünc medal …

Məlumata görə, ukraynalı idmançı hələ Azərbaycana gəlməzdən əvvəl karyerasını başa vurmaq istəyirmiş. Ancaq ölkəmizdən gələn təklifdən sonra o, bu fikrini bir müddət təxirə salmalı oldu. Rio Olimpiya Oyunlarının “bürünc”ünü və Olimpiya medalçılarına ayrılan pul mükafatını əldə etdikdən sonra karyerasını başa vurduğunu elan etdi. İnna Osipenko-Radomskayanın Azərbaycandan apardığı məbləğ düz 1 milyon manatdır.

Valentin Demyanenko 2007-ci ildən Azərbaycanı təmsil edir. Avarçəkmə üzrə üçqat Dünya çempionumuzun medallara görə əldə etdiyi pul mükafatını saymasaq o, bu müddətdə il ərzində ən azından 300-350 min manat məbləğində gəlir əldə edib. Biz hələ ildən-ilə artan qonorarı demirik…

O da Rio Olimpiya Oyunlarındakı gümüş medaldan sonra karyerasını bitirmək qərarına gəlib. Ukraynalı idmançının 10 il ərzində Azərbaycandan qazandığı məbləği hesablamağa dəyməz. Onun sadəcə 2 yarışdan – İlk Avropa Oyunları və Rio Olimpiadasından sonrakı gəliri dövlət tərəfindən aldığı pulla bərabər təxminən yarımmilyon olduğu deyilir.
Hazırda Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Voleybol Federasiyasının nəzdindəki çimərlik voleybolu üçün Avropa Oyunlarında heyətə 4 kişi, 4 qadın idmançı əlavə ediblər.

O dövrdə Ziya Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən qurum ciddi maliyyə sıxıntısı yaşayırdı. Heyətə qatdığı voleybolçulara isə elə də böyük məbləğ ödəməmişdilər.
Leonid Qritsay, Yaroslav Rudıx, Neylton Moyzes Santos Merses, Bernardo Vermelinger Romano, Vivian Daniel da Konseysao Kunya, Rakel Qonsalveş Ferreyra, Yuliya Kərimova, Zinaida Lyubimova… Adları çəkilən bu voleybolçular Avropa Oyunlarında da nəticə vermədikləri kimi heç Olimpiadaya da yaxın dura bilmədilər. İndi isə onlardan xəbər-ətər yoxdur.

Dağıstan əsilli taekvondoçu Patimat Abakarova isə 2013-ci ildən Azərbaycan millisində çıxış edir. Təbii ki, onun gəlisi Azərbaycan Taekvondo Federasiyasına heç də ucuz başa gəlməyib. Hər ay qurumdan yaxşı maaş alan “dayanq ustası”nın “milliləşdirilməsi” nə az, nə çox – düz 350 min manata başa gəlib. Təbii ki, onun qazandığı medallara görə federasiyadan aldığı mükafatlar da öz yerində …. Aldığımız məlumata görə P. Abakarova artıq bu ildən taekvondo federasiyası ilə əlaqəni kəsmək istəyir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, o, artıq başqa bir ölkə adına çıxış edəcək. Əgər federasiya onunla yenidən çalışmaq istəsə müqavilə yenilənməli və ödəniləcək məbləğ artırılmalıdır.

Ən “ağır” “milliləşmə” Azərbaycan Otüstü Hokkey Federasiyasında olub. Fazil Məmmədovun rəhbəri olduğu qurum 2007-2008-ci illərdə yığmanın heyətinə 10 nəfərə yaxın çinli hokkeyçi gətirmişdi. Onların milliləşməsi federasiyaya çox baha oturdu. Belə ki, iddialara görə həmin çinli qızlar azərbaycanlı oğlanlarla evləndirilmişdi. Səbəb isə onlara Azərbaycan soyadı qazandırmaq idi …

Xatırladaq ki, onlar hələ 2-3 il bundan əvvəl federasiyanın maaş və maliyyə problemini baykot etmişdilər və heç bir nəticə hasil olmadığından çıxıb getdilər.

Hazırda həmin “kitayski” gəlin-idmançıların harada olduqları məlum deyil.

Aygün İlqarqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 133
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.