!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minalardan təmizlənməyi gözləyən kəndlər, dağıdılmış evlər... - Ağdamın viran qoyulmuş "Yusifcanlı"sından FOTOREPORTAJ

!Reklam – Yazi

Bir yanda minalardan təmizlənməyi gözləyən kəndlər, bir yanda artıq dağılmış evləri düzəldilib tikintiyə başlanılan şəhər.

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndinə ilk jurnalist səfəri həyata keçirilib. Həmin səfərdə Yenicag.az saytının əməkdaşı da iştirak edib.

Birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyi hər gün atəşkəsin pozulması xəbərini verirdi. 30 ilə yaxın müddətdə Yusifcanlı kəndi istiqamətində atəşkəsin pozulmaması halı barmaqla sayılacaq qədər olub. Kənd ümumiyyətlə birinci müharibə dövründə də başı bəlalı olub. Yusifcanlı kəndinə bir neçə dəfə erməni silahlıları girib, daha sonra Azərbaycan ordusu onları geri oturdub. Hər erməni işğalı kəntdə şəhidlərə, yaralılara, evlərin dağıdılmasına və dinc əhalinin girov düşməsinə səbəb olub.

İlk dəfə 1993-cü il 12 iyun tarixində Xocavənddən çıxan erməni silahlıları Ergi düzünü keçərək, Mərzili kəndinin ayaq hissəsindən Yusifcanlı və Qiyaməddinli kəndlərinə hücum ediblər. Nəticə olaraq Mərzili kəndində ot tayaları və evlər yandırılıb. Yusifcanlı kəndində 2 nəfər dinc sakin şəhid olub, 4 nəfər isə girov götürülüb. Ermənilərin geri oturdulması üçün aparılan döyüşlər nəticəsində 10-a yaxın hərbçi şəhid olub, bir hərbçi isə girov götürülmüşdü. Kənd 12 aprel 1994-cü ildə işğal edilmişdi.

Ağdam rayon mərkəzindən üzü Yusifcanlıya gedirik. Yusifcanlı zamanında Novruzlu kəndi ilə bir sovetlikdə olub. Uzun müddət Yusifcanlı kəndindən 10-11-ci sinif şagirdləri Novruzlu kəndində təhsil alıblar. Novruzlu kəndində işğaldan əvvəl istifadəyə verilmiş iki mərtəbəli böyük məktəbdən demək olar əsər əlamət qalmayıb. Kəndin daha çox çay daşından hörülmüş hasarları qalıb.

Novruzludan üzü Yusifcanlıya doğru gedirik. Yusifcanlıya bitişik təxminən 30 evdən ibraət olan Hümbətlər kəndi digər kəndlər kimi darmadağın olub. Yaşıllıq, hündür otlar evlərin qalıqlarını da görünməz edib.

 

Yusifcanlı kəndinə daxil oluruq. Kəndin sağ tərəfindəki Yeni məhələ deyilən hissədə evlər darmadağın edilib. Sol tərəfdəki evlər dağıdılsa da, kənd işağl edilən ərəfədə tikilib, hələ istifadəyə verilməmiş hamam olduğu kimi qalmaqdadır. Erməni hərbçilər həmin hamamı silah-sursat ambarı kimi istifadə ediblər. Ambarın içərisinə daxil oluruq. Çoxlu sayda ərzaq, hərbi geyim dəstləri, güllələr yerə səpilib. Hamamın divarında kilsə şəkilləri, xaç işarələri çəklib. Divarlardakı yazılar çox maraqlıdır ki, rus dilində yazılıb: “Burda 9-cu bölük olub”, Burda Martuni ASALA olub”.

Hamamdan bir neçə metr sonra artıq ilk torpaq val gəlir. Bu torpaq valla kəndin əsas yolunda da dəyişim olub. Beləliklə kəndin yolu bağlanıb. Kəndin ilk valı yeni məhlə ilə kəndi ayırıb. Müşahidə məntəqələrinin qarşısındakı evlər hamısı dağıdılıb. Sağ və sol cinahda hətta evlərin qalıqları belə yox edilib.

Bundan qarşıda isə daha bir torpaq val çəkilib. Kəndin strateji mövqeyi həm də kəndin tamamilə məhv edilməsinə gətirib çıxarıb.

İkinci valdan sonra isə Azərbaycan hərbçilərinin mövqeləri gəlir. Beləliklə kənd başdan ayağa hərbi təyinat üçün istifadə edilib. Kənddə Azərbaycan tərəfinin mövqelərini də saysaq, üç eşalon, neytral ərazi, saysız hesabsız minalanamış sahələr mövcuddur.

Müharibədən 6 ay keçməsinə baxmayaraq, Azərbaycan tərəfi hələ də kəndə girməyib, minaların təmizlənməsinə başlamayıb. Hələ müharibədən əvvəl söhbət etdiyim hərbçilər də deyirdi ki, Yusifcanlıdakı minaların sayı ümumi Ağdamdakı minaların sayından bəlkə də çox olacaq. Böyük ehtimal kəndin minalardan təmizlənməsi ən sona saxlanılacaq və texnikalarla təmizlik aparılacaq. Minalarla yanaşı o ərazilər ilanların sevimli yerinə çevrilib. Hərəkət edəndə minayla yanaşı ilanlara diqqət etmək də şərtdir.

Yusifcanlıdan çıxıb yenidən Ağdamın mərkəzinə qayıdırıq. Artıq Ağdamın mərkəzində bulduzerlər əraziləri düzləməyə başlayıb. Dağıntılar düzəldildikdən sonra tikintiyə başlanılacağı deyilir.

Köhnə və möhtəşəm Ağdam müharibədən qalan uçuq-sökük daşı-divarı, xatirələri ilə yox olur. Yerində yenisi tikiləcək. Onun doğmalaşmağı nə qədər vaxt alacaq, bu zamanın işidir…

Səxavət Məmməd

www.yenicag.az

1678
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv