"Minlərlə itki, dağılmış şəhərlər və... əvvəlki şərtlər": İranın "qələbə"sinin pərdəarxası
“İrana eyni şərtlər müharibədən öncə də tələb edilmişdi amma İran müharibə və itki yolunu seçdi.”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.
Şərhçi İranın müharibədən öncə də eyni şərtləri qəbul edə və hərbi, o cümlədən canlı itki vermədən də razılığa gəlmək şansı olduğunu qeyd edib:
“Həftənin sonunda sülh sazışı deyil, atəşkəs memorandumu imzalanacaq. Danışıqlar məhz bundan sonra başlayacaq. Hələlik danışıqlar üçün nəzərdə tutulan 14 bənd haqqında müxtəlif fikirlər səsləndirilir. Səhifə yarımlıq bir sənəd yalnız tərəflərin niyyətini ortaya qoyur. Əsas danışıqlar bu sənəd imzalanandan sonra başlanacaq və sülh sazişinin imzalanması bizə imkan verəcək ki, kimin qalib kimin məğlub olması barədə fikir bildirək. Bir şeyi indidən demək olar: ABŞ, Fransa, Almaniya və Böyük Britaniya uzun müddət İranla nüvə danışıqları apardılar. Bu danışıqlar nəticəsiz qaldı. Buna səbəb odur ki, İran qarşısına qoyulan şərtləri qəbul etmədi.”
A. Səmədov qeyd edib ki, İranın qəbul etdiyi hazırkı şərtlərlə müharibədən öncə onlara təklif edilən şərtlər eyni idi:
“Müharibə məhz buna görə başladı. Avropa üçlüsünün tələbləri bunlar idi: Nüvə silahı olmamalı, İran ölkə daxilində uranı zənginləşdirməməlidir, 60% zənginləşdirmiş uran ölkədən çıxarılmalı və Amerikaya təhvil verilməlidir. İran bu şərtləri rədd etdiyi üçün müharibə başladı. Hazırda isə ABŞ nümayəndələrinin səsləndirdiyi bəyanatlar göstərir ki, İran bu şərtləri qəbul etməyə hazırdır. Belə olduğu təqdirdə sual yaranır ki, bunları müharibədən sonra qəbul etmək mümkün idisə niyə müharibədən öncəki danışıqlarda qəbul edilmədi? Hərbi əməliyyatlar nəticəsində ən çox zərər çəkən də məhz özləri oldu. Şəhərlər dağıdıldı, 4000-ə yaxın insan öldü, ölkənin hərbi potensialına böyük zərbə vuruldu və s. Bir daha bildirirəm, biz bu sualların cavabını yalnız sülh sazişi imzalandıqdan sonra qəti şəkildə biləcəyik. Hazırda müharibəyə son qoymaq və bölgədə əmin-amanlıq yaratmağın mümkün olması ilə bağlı kövrək ümidlər mövcuddur amma hər an ümidlər itə bilər. Bəzən tərəflər elə bəyanatlar səsləndirir ki, danışıqların taleyi ciddi şübhə altına düşür.”
Nurlan Cəfəri













