Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – VİDEO/QARŞI TƏRƏFDƏN AÇIQLAMA

media-hightechnic-468x90

Siyəzən sakini, sahibkar Rəhim Süleyman oğlu Hüseynov Ağdaş Yem Fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv olmasından şikayətçidir.

Yenicag.az xəbər verir ki, şikayətçi, məsələnin daha öncə də müxtəlif media orqanlarında işıqlandırılmasına baxmayaraq hələ də öz həllini tapmadığını bildirib.

Sahibkarın sözlərinə görə o, Ağdaş Yem Fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq, quşçuluq təsərrüfatı ilə məşğul olub. Lakin 2023-cü ilin yayında bəslədiyi quşların adıçəkilən fabrikin yemindən zəhərlənməsi faktının aşkarlandığını vurğulayıb.

Şikayətçi bildirib ki, toyuqların kütləvi şəkildə öldüyünü görəndən sonra sözügedən fabrikin rəhbər şəxslərindən olan Maşallah Tağıyev, həkim Nuran Ağayev və digərlərinin təsərrüfatına gəlməsini tələb edib. Ancaq həkim Nuran Ağayev baxış keçirdikdən sonra əvvəlcə toyuqların cuma xəstəliyinə yoluxduğunu iddia edib.

Sahibkar diqqətə çatdırıb ki, araşdırdıqdan və düzgün diaqnoz qoyulmasını tələb etdikdən sonra 20 ölü toyuq müayinəyə göndərilib və həqiqətən də toyuqların zəhərlənmə nəticəsində öldüyü öz təsdiqini tapıb. Yalnız Maşallah Tağıyev də yemdən zəhərlənmənin təsdiqini gördükdən sonra dəymiş ziyanın qarşılanacağını bildirib. Həmçinin zərərçəkən sahibkardan məsələ ilə bağlı hər hansı yerə şikayət olunmamasını xahiş edib.

Eyni zamanda R. Hüseynov iddia edib ki, zərərçəkən yalnız o deyil, Siyəzən rayonunda Seymur, ElçinVahab adlı 3 sahibkar da yemin keyfiyyətsizliyi səbəbindən külli miqdarda ziyana düşüb.

Sahibkar zəhərlənmə öz təsdiqini tapdığı üçün ona dəyən ziyanın ödənildiyini bildirib. Bu hadisədən sonra isə uzun müddət Ağdaş Yem Fabrikindən yem almayıb. Əlavə olaraq 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücə aldığını, bu ərəfədə isə Ağdaş Yem Fabrikinin işçilərinin onu Maşallah Tağıyevin köhnə işçiləri çıxardığına və yeni komanda gətirdiyinə, nəticədə isə daha keyfiyyətli yem istehsal edildiyinə inandırdığını deyib.

Şikayətçi bildirib ki, noyabr ayında alınan yemlər 3 ayrı fermada toyuqların hamısının zəhərlənməsinə səbəb olub. Qısa müddətdə 19.190 toyuğun tələf olduğunu, 100 min manata yaxın zərərin dəydiyini diqqətə çatdırıb.

R. Hüseynovun sözlərinə görə elə əsas həllini tapmayan məsələ də buradan başlayıb. Belə ki, kütləvi ölümün yenə yemdən qaynaqlandığını müəyyənləşdirən sahibkar Maşallah Tağıyevi təsərrüfata dəvət edib. Lakin sözügedən şəxs olan Nuran həkim yemi almağa inandıran ƏdalətElnurla birgə təsərrüfata gəlsələr də, fərqli bəhanələr səsləndiriblər.

Şikayətçi iddia edib ki, uzun təkidlərdən sonra toyuqlardan qan alınıb və analizə göndərilib. Ancaq 2024-cü il 28 noyabr tarixində Maşallah Tağıyev külli miqdarda pul ödədiyi saxta analiz cavablarını ona təqdim edib. Həmin sənəddə isə guya toyuqlarda quş qripi və cuma xəstəliyi aşkarlandığı qeyd olunub.

Zərərçəkən sahibkar bildirib ki, sözügedən analiz sənədində nə möhür, nə də imza olmayıb. Həmçinin toyuqların da cinsi və növü səhv göstərilib. Həmin sənədin etibarlılığını yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib və agentliyin 17 mart 2025-ci ildə göndərdiyi cavabda həmin sənəddə əsas məlumatların heç biri olmadığı üçün onun etibarlılığını yoxlamağın qeyri-mümkün olduğu qeyd edilib.

Həmçinin Rəhim Hüseynov AQTA-ya toyuqların əsl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdiyini, cavabda isə toyuqların quş qripi və cuma xəstəliyinə tutulmadığını, qaydalara uyğun olaraq vaksin olduqlarını, lakin yemin məhz Maşallah Tağıyevdən alındığını öyrənəndən sonra toyuqların əsl ölüm səbəbini deməkdən boyun qaçırdıqlarını, dəfələrlə müraciət edilməsinə baxmayaraq agentlik tərəfindən müxtəlif bəhanələrlə yola verildiyini deyib.

Eyni zamanda o, Ağdaş Yem Fabrikinin vergidən yayınaraq kassa, mədaxil, qəbz və yaxud məhsulun alındığını göstərən heç bir sənəd olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şikayətçi olan zərərçəkən məsələnin həlli və düzgün araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edib, həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.

Daha ətraflı videomaterialda:

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

***

Sözügedən məsələ ilə bağlı “PAŞA Holding”in “Agro Dairy” qrupuna daxil olan “ATS FEED” MMC (Ağdaş Yem Fabriki) redaksiyamıza cavab məktubu göndərib.

Cavabda bildirilir ki, Siyəzən sakini, sahibkar Hüseynov Rəhim Süleyman oğlu uzun müddətdir müəssisəyə məxsus Ağdaş rayonu ərazisində yerləşən fabrikdə istehsal olunan quş yeminin alıcısıdır və məhsulu bölgə üzrə rəsmi distribütorlar olan Elnur Mustafayev və Ədalət Məmmədov vasitəsilə əldə edir.

Müəssisənin məlumatına görə, əvvəllər Rəhim Hüseynovla distribütorlar arasında əməkdaşlıqda hər hansı problem yaşanmayıb. Həmin şəxslər Hüseynova etibar edərək ona böyük məbləğdə mal satıblar. Lakin sonradan məhsulun dəyərinin ödənilməsi ilə bağlı çətinliklər yaranıb və sahibkar quşlarda baş vermiş tələfatı yemin keyfiyyəti ilə əlaqələndirib.

Şirkət bildirir ki, hazırda Rəhim Hüseynovun 82.632 (səksən iki min altı yüz otuz iki) manat məbləğində borcu ilə bağlı distribütorlar Elnur Mustafayev və Ədalət Məmmədov tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunub və məhkəmə prosesi davam edir.

Yemlərin keyfiyyəti ilə bağlı iddialara gəlincə, müəssisə qeyd edir ki, hadisədən sonra baytar mütəxəssislər tərəfindən təsərrüfata baxış keçirilib, ölmüş quşlardan nümunələr götürülərək akkreditasiya olunmuş laboratoriyada analiz olunub. Nəticələrə əsasən quşların xəstəlik səbəbindən tələf olduğu müəyyən edilib. R. Hüseynova əlavə olaraq, analizlərin ölkə daxilində və ya xaricdə aparılması təklif olunub və xərclərin müəssisə tərəfindən qarşılanacağı bildirilsə də, o, bu imkanlardan istifadə etməyib.

Sonda “ATS FEED” MMC vurğulayıb ki, mətbuat vasitəsilə səsləndirilən iddialar reallığı əks etdirmir.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600