“Minsk qrupunun mövcudluğu Azərbaycan üçün təxribat idi” – Paşinyandan Bakıya TƏKLİF VAR
“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin sülh və müstəqilliyini təmin etmək üçün əlindən gələni edir”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.
Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana iki ölkənin eyni vaxtda sülh sazişi imzalamasını və ATƏT-in Minsk qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciət etmələri barədə səsləndirdiyi təklifə münasibət bildirib.
Siyasi təhlilçi hesab edir ki, İrəvanın uzun müddətdir zəifləmiş ATƏT-in Minsk qrupuna davamlı etibar etməsi keçmişdə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmamasına gətirib çıxardı:
“Bu həm də təxminən otuz il boyunca bölgədə qeyri-sabitliyə səbəb oldu. İkincisi isə Fransa, Rusiya və ABŞ-nin rəhbərlik etdiyi üç həmsədr ölkəsi açıq şəkildə Ermənistan tərəfdarı olduğundan, onların vasitəçiliyi ilə Azərbaycanın qəbul edə biləcəyi bir sülh razılaşmasına nail olmaq mümkün deyildi. Bundan başqa, ATƏT-in Minsk qrupu 2022-ci ildən fəaliyyətini dayandırıb, bu da əsasən, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı səbəbindən onun iştirakının davam etdirilməsini mümkünsüz etdi”.
Onun sözlərinə görə, Minsk qrupunun mövcudluğu Azərbaycan üçün təxribat idi:
“Çünki ona sədrlik edən ölkələr öz mənafeləri naminə erməni tərəfdarı idilər. Bu gün də həm Rusiya, həm də ABŞ administrasiyaları oxşar düşüncə tərzinə malikdirlər. Yəni həm Donald Tramp, həm də Vladimir Putin öz məqsədləri üçün kiçik və iqtisadi cəhətdən daha az güclü ölkələrdən istifadə etməyə hazırdırlar. İnanıram ki, Paşinyan ölkəsini hər hansı bir supergücdən asılılıqdan uzaqlaşdırmaq istəyir və Ermənistanın yolunu Cənubi Qafqazın vahid bir hissəsi kimi görür”.
Rafi Müslümov