Müğənni Mirkamil Kamilovun Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Ağır ürək əməliyyatı keçirtdin. İndi səhhətin necədir?
– Şükür, yaxşıyam. Həkim nəzarəti altında mütəmadi müayinə olunuram.
– Bu yaxınlarda efirdə evləndiyini dedin, sonradan isə bunu zarafat kimi qələmə verdin. Çoxu səni yalan danışmaqda qınadı. Niyə belə etdin ki?
– Əslində, o verilişdə şou yaratdılar, mən də qatıldım. İncəsənət adamı olduğum üçün məndə bu, yaxşı alındı. Aparıcı söhbətə başladı, mən də onun suallarını yumorla cavablandırdım. Hətta o qədər inandırıcı səhnə idi ki, evdəkilər də inandı.
– Əsəbiləşmədilər ki?
– Dedilər bala, bir də belə zarafatlar edəndə, bizə xəbər elə, sonra danış. Məni tanıyanlar bilir ki, həyatda zarafatcılam. Amma baxır harda. Məqamı gələndə, adekvat cavab verirəm.
– Misal var, deyirlər, “yalançının evi yandı, heç kim inanmadı”. Həqiqi evlilik xəbərinə də heç kim inanmayacaq. Yaxın vaxtlarda evlənmək planın var?
– Yox, heç vaxt evlənməyəcəm. Çünki bu mövzu məni çox yordu. Hara gedirəm, təbrik edirlər, o qədər suallar verirlər ki…
– Deyilənə görə, səni sevən qızlar çoxdur. Heç o qızların sevgisindən sui-istifadə etmisən?
– Əksinə, mənim sevgimdən sui-istifadə ediblər. İnsanı gərək öz qəlbinə, özünə görə sevəsən. Sevgi o qədər dəyərli hissdir ki, axirət evinə qədər bitib-tükənməz.
– Evlənərkən valideynlərinin məsləhətinə qulaq asacaqsan, yoxsa öz fikrinlə qərar verəcəksən?
– Allahdan sonra ikinci yerdə valideyn gəlir. Mütləq valideynlərimin məsləhətinə qulaq asacam.
– Hətta sevməsən də belə, onların məsləhət gördüyü qızla evlənəcəksən?
– Valideynlərimin sözü mənim üçün qanundur.
– Heç olubmu ki, demisən, “sevdiyim qız var, ona elçi gedin…”
– Həyatımda belə bir hadisə baş verib, ilk dəfədir ki, bunu sizə etiraf edirəm. Mən valideynlərimin razılığı olmadığı üçün evlənmək istədiyim qızdan əl çəkdim.
– Yəni ailənin razılığı olmadığı üçün sevdiyiniz qızdan imtina etdiniz?
– Bəli, bunu etiraf edirəm.
– Peşman olmadınız sonra?
– Dedim axı, valideynlərimin sözü mənim üçün qanundur.
Cəvahir