Alimlər milçəklərin genini dəyişdilər: Narkotik istifadə etməyə başladılar
ABŞ-nin Yuta Universitetinin alimləri meyvə milçəklərinin genlərini dəyişərək onların kokainə qarşı maraq göstərməsini təmin ediblər.
Yenicag.az xəbər verir ki, “Journal of Neuroscience”da dərc olunan araşdırma ilə məlum olub ki, meyvə milçəkləri ilə insanlar arasında genetik oxşarlıq təxminən 75 faiz təşkil edir.
Bu səbəbdən də onların üzərində aparılan təcrübələr insan xəstəliklərinin öyrənilməsində mühüm rol oynayır.
Araşdırma zamanı milçəklərin kokainin acı dadını hiss edərək ondan uzaq durduğu aşkar edilib. Alimlər bu dad reseptorlarını genetik müdaxilə ilə sıradan çıxarıb və nəticədə milçəklər az dozalı kokainli suya üstünlük verməyə başlayıb.
Geni dəyişdirilmiş milçəklərin insanlardakı kimi kokainə reaksiya verdiyi üzə çıxıb. Alimlər bu nəticələrin gələcəkdə daha effektiv müalicə üsullarının inkişafına yol aça biləcəyini bildirir.
Tədqiqatın gələcəkdə insanlar arasında kokain asılılığını daha yaxşı anlamağa və müalicə yolları tapmağa kömək edəcəyi gözlənilir.