Qurbanla bağlı bilinməsi vacib şeylər: Kimlər kəsməlidir və hansı heyvanlar qurban kəsilə bilər?
Sabah İslam dünyası üçün böyük əhəmiyyət daşıyan Qurban Bayramının ilk günüdür.
Yenicag.az TRT-yə istinadən Qurban ibadəti ilə bağlı bilinməsi vacib məqamları təqdim edir:
Qurban nə vaxt kəsilməlidir?
Qurban kəsimi bayram namazından sonra başlayır və bayramın 3-cü günü gün batana qədər davam edir. Namaz qılınmayan yerlərdə isə sübh namazı vaxtı girdikdən sonra qurban kəsmək olar. Gecə də qurban kəsmək caizdir.
Kimlər qurban kəsməlidir?
Ağıllı, büluğa çatmış, borc və əsas ehtiyaclarından əlavə 80,18 qram qızıl və ya dəyərində mal-mülkü olan, səfərdə olmayan hər bir müsəlman qurban kəsməklə mükəlləfdir.
Qurbanlıq heyvan hansı şərtləri daşımalıdır?
Heyvan sağlam, üzvləri tam olmalıdır. Şikəst, çox xəstə, bir və ya iki gözü kor, topal, qulağı və ya quyruğu kəsik heyvanlar qurban edilə bilməz.
Qurban yerinə sədəqə vermək olarmı?
Qurban ibadəti yalnız heyvanın şəriətə uyğun şəkildə kəsilməsi ilə yerinə yetirilir. Sadəcə pul və ya heyvanı sədəqə verməklə qurban ibadəti tamam olmur.
Qurban kredit kartı ilə alına bilər?
Bəli, lakin faizsiz və vaxtında ödənməsi şərti ilə. Faizli kreditlə alınan qurban dində uyğun sayılmır.
Qadın və subaylar qurban kəsə bilərmi?
Bəli. Qurban kəsmək üçün evli olmaq şərt deyil və qadınlar da qurban kəsə bilər.
Qurbanın ətləri və dərisi satıla bilər?
Xeyr. Qurbanın heç bir hissəsi satıla bilməz. Satılarsa, pulu sədəqə verilməlidir. Ət ehtiyac sahiblərinə, qohumlara və qonşulara paylana bilər.