Əhməd Şahidov Dohada Əl Camali ilə görüşdü
Hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Qətərin paytaxtı Dohada keçirilən “Süni İntellekt və İnsan Hüquqları: İmkanlar, Risklər və Daha Yaxşı Gələcək Naminə Baxış” adlı beynəlxalq konfrans çərçivəsində Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Camali ilə görüşüb.
Görüş zamanı Əhməd Şahidov belə mötəbər beynəlxalq tədbirin təşkilinə görə Qətər Milli İnsan Haqları Komitəsinə təşəkkürünü ifadə edib, süni intellekt texnologiyalarının insan hüquqları sahəsində yaratdığı çağırış və imkanların beynəlxalq müstəvidə müzakirəsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı tərəflər insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, süni intellektin tətbiqi ilə bağlı hüquqi və etik çərçivələrin formalaşdırılması və ortaq layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Sultan bin Həsən Əl Camali hüquq müdafiəçisi Əhməd Şahidovun beynəlxalq platformalardakı fəaliyyətini yüksək qiymətləndirib və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində Əhməd Şahidov beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsi və bu sahədə göstərdiyi xidmətlərə görə rəhbərlik etdiyi Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu adından Sultan bin Həsən Əl Camaliyə Xüsusi Mükafat təqdim edib.
Sultan bin Həsən Əl Camali bu diqqətə görə təşəkkürünü bildirərək insan hüquqları sahəsində birgə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.