Xəbər verdiyimiz kimi, deputat Musa Qasımlı Milli Məclisin vitse-spikeri seçilib.
Yenicag.az xəbər verir ki, Musa Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1979–1982-ci illərdə Yardımlı rayonunda orta məktəblərdə müəllim işləyib. 1982–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspirantı, müəllimi, baş müəllimi, dosenti, universitetin Tarix fakültəsı dekanının müavini olub.
1992–1997-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin, daha sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi, baş məsləhətçisi vəzifələrində çalışıb. 1997–2016-cı illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru olub. 2016-cı ildən AMEAnın Qafqazşünaslıq İnstitutunun direktorudur.
Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitab və 190-dan çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Bitərəfdir. Milli Məclisin IV, V, VI çağırışlar deputatı olub.
Evlidir, 4 övladı var.
www.yenicag.az