Molla rejiminin “kürd kartı” – Urmiyadakı üsyanların PƏRDƏARXASI

media-hightechnic-468x90

“İran Urmiyada etnik balanslaşdırma aparmağa çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu Urmiyada baş verənlərin pərdəarxası səbəblərini açıqlayaraq İranın Urmiyadakı siyasətindən danışıb:

“İran imperializmi İran ərazisində yaşayan müxtəlif xalqlar üzərində fars hegemoniyasını qurmaq üçün xalqları bir-birinə qarşı qoymağa çalışır. Eyni zamanda, onlar üzərində demoqrafik mühəndislik siyasəti həyata keçirir. Məsələn, Azərbaycan türklərinin ən çox sıxlaşdığı və Azərbaycan mədəniyyətinin hakim olduğu bir əraziyə başqa bir etnik qrupu yerləşdirərək onlara dövlət dəstəyi verməklə yerli xalqın üzərində təzyiq yaratmağa çalışır”.

“Hazırda Urmiyada da baş verənlər məhz bu hadisədir. Urmu nəzəriyyəsinə görə Azərbaycan xalqının təşəkkül tapdığı coğrafiyanın mərkəzi Urmiyadır. Urmiya daima Azərbaycan mədəniyyətinin beşiyi olub. Ona görə də İran-İraq müharibəsindən sonra Urmiyaya başqa əyalətlərdən köçürülən kürdləri Azərbaycana qarşı təşkilatlandırmaq və eyni zamanda, Urmiya gölünü qurutmaqla ərazinin sahibi olan azərbaycanlıları köç etməyə məcbur edirlər. Bu bir miqrasiya mühəndisliyidir və siyasi miqrasiyadır. Düşünülmüş şəkildə azərbaycanlıları kosmopolit etnik baxımından fərqli, amma dil baxımından fars dilinin hegemoniyası altında olan Tehran, Şiraz, Məşhəd, Qum kimi ərazilərə köçürməklə onları assimilyasiya etməyə cəhd göstərir”, – deyə o, əlavə edib.

Millət vəkili qeyd edib ki, İran Urmiyada azərbaycanlıların çoxluq təşkil etməsindən narahatdır:

“İran hakimiyyəti bilir ki, Tehranda olan etnik zənginlik içində azərbaycanlıların əriməsi, milli kimliyini itirməsi daha asandır. Ancaq onlar kompakt şəkildə Urmiyada yaşayırlarsa, kürdləri yerli azərbaycanlılara qarşı gücləndirib onlardan istifadə etməyə çalışırlar. Onlar bilir ki, kürdlərin sayı azərbaycanlılara nisbətdə 80%-in 20%-ə qədəridir. Bu siyasət o vaxta qədər davam edəcək ki, balans bərabərləşsin. Yəni Urmiya əhalisi 30% kürd, 30% azərbaycanlı, 30% ərəblərdən ibarət olduqda burada bir etnik balans qurub o torpaqları azərbaycanlılardan qoparmaq mümkün olsun. İranın həyata keçirdiyi siyasət bundan ibarətdir”.

Həmsöhbətimiz hesab edir ki, bu baş verənlərə görə İrana Qərbin heç bir müdaxiləsi yoxdur, yalnız İranın etnik mühəndislik siyasətindən irəli gəlir:

“Mən düşünmürəm ki, burada Qərbin əli olsun. Çünki milli azlıqlara qarşı İranın bu siyasəti çox qədim dövrlərə söykənir. Ən son isə 1925-ci ildən sonra İranda azlıq olan farsların məhz Qərblilər tərəfindən hakimiyyətə gətirilməsi ilə türklərin İranda hakimiyyətinə son qoyuldu və bundan sonra da bu formada etnik mühəndislik İranın bütün ərazisində davam edir. İran imperializmi heç də Qərb imperializmindən şər baxımından geridə qalan imperializm deyil. Bu İranın öz məhsuludur. Hazırkı mərhələdə müxtəlif kənar təsirlərin olması da mümkündür”.

Yenicag.az

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600