Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Molla rejiminin “SİONİZM” KAMUFULYAJI”: İran niyə “yel dəyirmanı” ilə vuruşur? - ŞƏRH

Reklam: Sinerji Pro

İranın ötən aydan başlayan və getdikcə artan anti-Azərbaycan isterikası özünün ən yüksək nöqtəsinə çatıb. Özünü İslam Respublikası adlandıran İran təqribən 9-10 aylıq nisbi sükutdan sonra dostu və müttəfiqi Ermənistanın 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tərəfindən darmadağın olunmasına gerçək təpkisini göstərməkdədir.

Müharibədən əvvəl və sonra Azərbaycanın davamlı və diplomatik etiket çərçivəsində edilmiş xəbərdarlıqlarına məhəl qoymayan fars-molla rejiminin Gorus-Qafan yolu vasitəsilə Ermənistana, oradan da qanunsuz yolla Qarabağa yük (oxu: silah-sursat) daşımalarına ara verməməsi Azərbaycanın səbrini daşırmalı idi və daşırdı.

Yeri gəlmişkən, mərhum prezident Heydər Əliyev də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) (o zaman İslam Konfransı Təşkilatı) 1997-ci ilin dekabrında Tehranda baş tutan konfransı çərçivəsində İranın Ermənistana hərtərəfli yardım göstərməsi ilə bağlı narazılığını Xameneyiyə açıq mətnlə bildirmişdi.

Bakının bu çərçivədə Gorus-Qafan yoluna polis və gömrük postları quraraq, İran yük maşınlarının yoxlanmasını təmin etməsi, ermənilərə silah daşınmasının qarşısını alması sözdə “İslam həmrəyliyi”ni bayraq edən molla rejiminin əsl simasını tam çılpaqlığı ilə açmasına zəmin yaratdı.

Ərdəbilin imamcüməsi və İranın dini lideri Xameneyinin nümayəndəsi Seyid Həsən Amilinin sərsəm bəyanatı ilə start götürən, ardınca isə müxtəlif ranqlı dini, siyasi və hərbi rəsmilər tərəfindən genişləndirilən Azərbaycan əleyhinə mövqe ifadələri sanki dönməz xarakter alıb.

İranın Azərbaycana qarşı qaldırdığı bu “dalğa”nın zirvəsi isə özünün şimal-qərb sərhədlərində (oxu: Güney Azərbaycan) təqribən 50 min nəfərlik canlı qüvvənin və bu saya adekvat texnikanın cəlb edildiyi hərbi təlimlər oldu.

İran rejiminin öz aləmində Azərbaycana, o cümlədən, Türkiyəyə “əzələ nümayişi” olan bu təlimlərin cavabı da özünü çox gözlətmədi. Azərbaycanla Türkiyənin Naxçıvanda təşkil olunan “Sarsılmaz qardaşlıq” birgə təlimləri ilə İranın hər hansı ağılsız hərəkətinə dərhal qarşılıq veriləcəyi Tehranın nəzərinə çatdırıldı.

Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbənin İranı narahat edən səbəblərinə toxunsaq, bir neçə məqamı xüsusi vurğulamaq lazım gəlir. Burada ilk növbədə, Güney Azərbaycan faktoruna diqqət yetirilməlidir. İranın başı üzərində “Domokl qılıncı”na dönüşən Güney Azərbaycan “təhlükəsi”nin minimum səviyyədə qalması üçün Quzey Azərbaycan daim müxtəlif problemlərin cəngində çabalamalıdır.

O sırada son 28 ildə Quzeyin əl-qolunu bağlayan ən vacib problem Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalı altında qalması idi. Təbii, belə bir vəziyyətdə Güney və Quzey Azərbaycanın birləşmə məsələsinin aktuallaşması real deyildi. İndi isə işğal faktı aradan qaldırılıb, regionda yeni reallıq yaradılıb və mövcud şəraitdə Bütöv Azərbaycan ideyasının gündəliyə çıxmasına sadəcə, zaman məsələsi kimi baxılır.

Buna görə də, İranın bu demarşını “regionda sionistlərin hərbi mövcudluğu” ilə əlaqələndirməsi gerçək məqsədin gizlədilməsindən başqa bir şey deyil. Çünki Azərbaycan başda ABŞ olmaqla, Qərb ölkələri, o cümlədən, İsraillə münasibətlərində İranın əleyhinə çevriləcək hər hansı məqam olmayıb.

Digər tərəfdən, Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsi və bununla bərabər, İranla sərhədlərinə nəzarəti ələ keçirməsi molla rejimini özünün əsas gəlir sahələrindən biri olan narkoticarətdən mərhum edib. Xatırlayırsınızsa, hələ işğal dönəmində də İranın Ermənistanla birlikdə həyata keçirdiyi narkotik ticarətinin ifşasına dair yerli və xarici mediada çoxsaylı materiallar dərc olunmuşdu.

Gəlin, rəsmi statistikaya nəzər salaq. Məlumata əsasən, Azərbaycanın gömrük əməkdaşların tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotron maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 99%-dən çoxu, başqa sözlə desək 904 kq 152 qram heroin, 529 kq 545 qram tiryək, 44 kq 646 qram həşiş, 195 kq 808 qram metamfetamin İran İslam Respublikası ilə həmsərhəd Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük postlarından ölkəmizə keçirilməsi zamanı aşkarlanıb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işlərinin istintaqı zamanı müəyyən edilən hallar onu deməyə əsas verir ki, bu narko-qaçaqmalçılıq cinayətləri əsasən geroin, metamfetamin və digər təhlükəli ağır narkotikləri İran-Azərbaycan-Gürcüstan-(və ya Rusiya) Ukrayna marşrutu ilə Avropa qara bazarlarına çatdırmağa cəhd edən transmilli mütəşəkkil cinayətkar dəstələr tərəfindən hazırlanıb həyata keçirilir. Narko-qaçaqmalçılar bu narkotiklərin gömrük nəzarətindən gizli keçirilməsi məqsədilə beynəlxalq yükdaşımaları həyata keçirən avtonəqliyyat vasitələrində xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən istifadə etməklə və ya digər malların görünüşü verilməklə pərdələməklə keçirməyə cəhd göstəriblər.

İşğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib. Əfqanıstandan Qərbə doğru gedən marşrutlar həm də İrandan keçməklə Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistana, oradan da Avropaya istiqamətlənib. Azərbaycanın İranla həmsərhəd olan Zəngilan və Cəbrayıl rayonları Ermənistanın işğalı altında olduğuna görə narkotikin bu ərazilərdən ötürülməsində hər hansı problem yaranmayıb.

Lakin 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibədə Azərbaycanın qələbəsi və torpaqların işğaldan azad olunması İranla 132 km-lik sərhədin bərpa edilməsinə şərait yaratdı. Bu, həm də 30 ilə yaxın dövrdə maneəsiz işləyən narkotrafik marşrutunun qapanmasına səbəb oldu. Sonrakı dövrdə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 23 km-lik hissəsinin nəzarətə götürülməsi ilə narkotrafiklə bağlı olan-qalan imkanlar da məhdudlaşdı. Tehran rejimini əsəbiləşdirən də narkotik ticarətindən əldə etdiyi milyonları itirməsidir (APA).

Bu sırada İran rejimini bəlkə də ən çox narahat edən məsələ isə regionda yaranan yeni reallıq şəraitində İslam Respublikasının genişmiqyaslı nəqliyyat-logistika dəhlizindən kənarda qalması, onun indiyə kimi istifadə etdiyi və genişləndirməyi düşündüyü dəhlizlərin öz əhəmiyyətini itirməsidir.

Çox maraqlıdır ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun hələ martın 29-da jurnalistlərə açıqlamasında toxunulan məqamlar Tehranın bu qorxusunun əsassız olmadığını göstərir:

“Süveyş kanalı ilə şərq-qərb istiqamətində Uzaq Şərq-Avropa nəqliyyat xəttinə alternativ ola biləcək ən uyğun marşrut, ölkəmizdən başlayaraq Qafqaz bölgəsinə, oradan Xəzər dənizini keçib Türkmənistan və Qazaxıstana ardınca Orta Asiya və Çinə uzanan Orta Dəhlizdir. Bu dəhlizi tarixi “İpək yolu”, bugünkü adıyla desək, “Bir Kəmər, Bir yol” layihəsinin maliyyə və zaman baxımından ən güvənli marşrutu olaraq görürük.

Türkiyə “Orta Dəhliz” adlanan marşrut üzərində yerləşir. Bu mövzuda qərarlılığımızı keçən il Çində də ortaya qoyduq. Türkiyədən Çinə göndərilən ilk ixracat qatarımızın iki qitəni, iki dənizi və 5 ölkəni keçərək 10 günə təyinat nöqtəsinə çatdı. Orta dəhliz öz alternativi olan Şimal Dəhlizindən daha sürətli və daha qənaətlidir; 2 min kilometr qısadır və daha əlverişli iqlim şəraitinə malikdir. Dəniz yolu ilə müqayisədə təxminən 15 gün tez mənzilə çatır. Orta Dəhliz ölkəmizin liman bağlantıları sayəsində Asiyanın yük axınını Yaxın Şərqə, Şimali Afrikaya və Aralıq dənizinə çıxarmaq üçün əhəmiyyətli imkanlar təqdim edir. Bu çərçivədə ölkəmizin logistik infrastrukturuna ciddi investisiyalar qoyuldu və investisiyalarımız hələ də davam edir”

Göründüyü kimi, haqqında danışılan geniş nəqliyyat dəhlizi yalnız İranın Avropaya əsas çıxışı olan Fars körfəzi-Qara dəniz marşrutunu sıradan çıxarmır, eyni zamanda, Orta Asiya ilə Cənubi Qafqazın geosiyasi görkəmini dəyişmək gücündədir. Haqqında danışılan dəhlizin mühüm “nöqtə”ləri olan Türkmənistan və Özbəkistan kimi ölkələr Rusiyanın nəzarətində olan KTMT-nin üzvü deyil. Həmin alyansda təmsil olunan Qazaxıstanın KTMT-dən çıxması tamamilə realdır.

Rusiyanın Orta Asiyadakı bu geosiyasi sima dəyişikliyinə təmkinlə yanaşması da səbəbsiz deyil. Göründüyü qədər, Moskva KTMT kimi əhəmiyyətsiz qurumu və Orta Asiyadakı sürətlə zəifləyən mövqeyini qurban verməklə, Qara dənizdə və Cənubi Qafqazdakı təsir imkanlarını genişləndirməyi düşünür. Yəni Rusiya Orta Dəhlizdən iqtisadi və geosiyasi divident götürmək üçün müəyyən maraqlarından geri çəkilmək məcburiyyətində qalıb. Əvəzində isə Zəngəzur dəhlizinə nəzarət imkanı qazanan Rusiya Ermənistanın payını əldə etmiş olacaq.

Yekun olaraq qeyd edə bilərik ki, bəhs olunan nəqliyyat dəhlizinin reallaşması Azərbaycanla Türkiyənin maraqlarına tam cavab verir. Burada vacib olan məqamlardan biri də Ermənistanın masada və meydançada yerinin olmaması, onun əvəzinəa həmin “ölkə”nin “nəzarət zərfi”ni ələ keçirmiş Rusiyanın “oynamasıdır”. Eyni zamanda, bu gedişat Ermənistanın da “regionda geopolitik sərhədlərin dəyişməsinə imkan verməyəcəyini” deyən İranın nəzarətindən çıxması ilə nəticələnəcək.

Bütün bu qeyd edilənləri ümumiləşdirdikdə, İranın Azərbaycana qarşı aqressiyasının nədən bu həddə çatmasının səbəbi tam aydın olur.

www.yenicag.az

1139
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100