Monopoliyaya qucaq açan QURUMLAR: "Bu imkanlardan istifadə edərək ayrı-ayrı şirkətlərə şərait yaradılması..."
“Bəzən dövlət qurumları yaradılanda həmin qurumların rıçaq imkanlarından istifadə olunaraq bəzi şirkətlərə üstünlük yaradılır”.
Bunu Azərbaycanın dövlət qurumlarının nəzarət mexanizmlərinin qeyri-stabilliyi barədə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
E. Hüseynov qeyd edib ki, bu kimi hallar monopoliyaya yol açır:
“Məşhur iqtisadçı Adam Smit deyirdi ki, monopoliya, inhisarçılıq istehlakçının boğazına dirənmiş bıçaqdır. Çox təəssüflər olsun ki, bəzən dövlət qurumları yaradılanda həmin quurmların rıçaq imkanlarından istifadə olnaraq bəzi şirkətlərə üstünlük yaradılır, monopoliyaya doğru işlər olur.
Bu barədə Azad İstehlakçılar Birliyinə sahibkarlar da zəng vurub məlumat verirlər. İlər boyu müəyyən malın çox adam tərəfindən gətirilsə də, bir şirkətin adı altında keçirilməsi, yaxud bir şirkətin bir neçə müəssisə yaradıb ayrı-ayrı adlar altında gətirməsi kimi əcaib faktlar olub. Çox təəssüflər olsun ki, qiymətlərin razılaşdırılması, bazarın bölüşdürülməsi kimi açıqlamaların şahidi olmuruq. Ölkənin əmtəə bazarında bu kimi hallar mövcuddur, lakin bunlar açıqlanmır. Bunlar dövlət orqanlarının işləridir, təəssüf ki, ictimai rəydə dövlət orqanlarının imkanlarından istifadə edərək ayrı-ayrı qurumlara şərait yaradılması və digərlərinə ögey münasibət bəslənilməsi halları var. Həmişə demişəm ki, ən yaxşı ekspertiza ictimai rəydir. İctimai rəydə nə varsa, o, səhv deyil”.












