Moskvadan İrəvana NÖVBƏTİ ZƏRBƏ – Rusiya bu dəfə Ermənistanı qazla SINAĞA ÇƏKİR
“Qaz tədarükünün dayandırılması Ermənistan əhalisi arasında Rusiyaya qarşı narazılıq yarada bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, Rusiyanın Ermənistana qaz nəqlini dayandırmasının mümkün nəticələrindən danışıb.
Politoloq bildirib ki, Rusiya Ermənistanın qaz tədarükünü qısa müddətə dayandırıb.
“On gün ərzində Ermənistana qaz verilməyəcək. Bu, birdəfəlik qaz tədarükünün dayandırılması kimi qəbul olunmamalıdır. Rusiya burada, əsasən, öz maraqlarını qoruyur. Avropada qaz bazarının böyük hissəsini Rusiya təmin edir. Ermənistana satılan qaz ucuz qiymətə olsa da, ildə təxminən 2 milyard kubmetr təşkil edir. Rusiya bu bazarı itirmək istəmir”.
Onun sözlərinə görə, İran da müəyyən həcmdə Ermənistana qaz verir:
“Təxminən 300 milyon kubmetr qaz atom elektrik stansiyasının işlədilməsi üçün istifadə olunur. Bunun müqabilində Ermənistan İrana elektrik ixrac edir. Rusiyanın isə Ermənistana qarşı bir çox iqtisadi rıçaqları mövcuddur. Bu rıçaqlardan biri də məhz qaz tədarüküdür. Ermənistan Rusiyadan Avropa ilə müqayisədə çox ucuz qiymətə 1.000 kubmetr üçün 165 dollara qaz alır. Bu, Avropa qiymətlərindən təxminən iki dəfə aşağıdır”.
Müsahibimizin fikrincə, gələcəkdə Moskvanın həmin rıçaqdan istifadə edəcəyi istisna edilmir:
“Lakin hazırda belə bir addım atılmayıb. Rusiya hələlik Ermənistana qarşı təmkinlə davranır. Ümid edir ki, gələn ilin yayında keçiriləcək parlament seçkilərində Rusiyaya meylli qüvvələrin hakimiyyətə gəlməsi mümkündür”.
“Qaz tədarükünün dayandırılması Ermənistan əhalisi arasında Rusiyaya qarşı narazılıq yarada bilər. Bu səbəbdən, Moskva indiki mərhələdə belə bir addımı atmaq istəmir. Amma, əgər seçkilərdə Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən qalib gəlsə və Qərbyönlü siyasətini davam etdirsə, heç bir şübhə yoxdur ki, Rusiya sözügedən rıçaqdan istifadə edəcək və qaz tədarükünü dayandıracaq”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli