“Özbəklərin sayının qaraqalpaqlardan daha çox olduğu bir muxtariyyəti bu ölkədən qoparmaq cəhdi, əlbəttə, xarici təsirlə bağlıdır”.
Bu fikirləri Özbəkistanın tərkibində olan Qaraqalpaqıstanda baş verən son gərginliyin səbəblərinə toxunan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Qaraqalpaqıstan iddia edildiyi kimi tam olaraq ayaqda deyil və əhalinin heç də hamısı mərkəzi hakimiyyətin iradəsinə qarşı çıxmır:
“Çox təəssüf ki, bizim bəzi ekspertlər Qaraqalpaqıstanda cərəyan edən olaylara dair natamam informasiyalara əsaslanan şərhlər verirlər. Ümumiyyətlə, orada baş verənlər heç də yeni deyil, uzun müddətdir ki, yığılıb qalmış məsələlərdir. Şəxsən mən Qaraqalpaqıstandakı bölucülüyün şahidi olmuşam. Xüsusilə də o bölücülərin məhz Moskvada yerləşərək beynəlxalq platformalarda Özbəkistan dövlətinə qarşı arzuolunmaz təbliğat apardıqlarını görmüşəm, hətta o çıxışlara reaksiya da vermişəm. Pandemiyadan öncəki illərdə Moskvanın dəstəklədiyi qaraqalpaq bölücülərinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun toplantısında Özbəkistanı Qaraqalpaqıstanı “işğal etməkdə” suçlamaları çox yerdə tirajlanıb.
O baxımdan, Qaraqalpaqıstanda bu kimi hadisələrin mütləq baş verəcəyinə dair qəti təxminlərimiz var idi. Orada indi yaşananların səbəbi nədir? Qeyd olunmalıdır ki, burada Özbəkistan dövlətinin hər hansı səhv addım atması kimi məsələ yoxdur. Sadəcə mərkəzi hakimiyyətin istənilən addımından öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr bu fürsəti qaçırmayaraq Qaraqalpaqıstanı ayağa qaldıracaqlarını düşündülər. Əslində, oradan yayımlanan görüntülər heç kəsi qorxutmasın. Çünki Qaraqalpaqıstan iddia edildiyi kimi tam olaraq ayaqda deyil və əhalinin heç də hamısı mərkəzi hakimiyyətin iradəsinə qarşı çıxmır.
Xatırladım ki, Qaraqalpaqıstan Respublikasının (Özbəkistanın tərkibində) əhalisi təqribən iki milyon nəfərdir və onların cəmi üçdə biri daha çox qazax-qırğız türklərinə yaxın olan qaraqalpaqlardır. Yəni əhalisinin sadəcə üçdə biri qaraqalpaq olan respublikadan danışırıq. Özbəkistan dövləti bu respublikanın statusu məsələsinə baxmalı idi. Çünki Özbəkistanın tərkibində Qaraqalpaq muxtariyyətinin yaradılması vaxtilə Azərbaycanın tərkibində “DQMV” kimi süni muxtariyyətin formalaşdırılması ilə eyni şeydir. Başqa sözlə, orada xristian elementi olmasa da, türk ünsüründən istifadə edilib süni qurum yaradılıb, müstəqillik dönəmində isə Qaraqalpaq Respublikası adlandırılıb. İndi özbəklərin sayının qaraqalpaqlardan daha çox olduğu bir muxtariyyəti Özbəkistandan qoparmaq cəhdi, əlbəttə, xariclə bağlıdır və o mərkəz də “lənət imperiyası”nın paytaxtı Moskvadır.
Bəli, sual yarana bilər ki, birdən-birə bu olaylar niyə bu sayaq körükləndi? Təbiidir. Gəlin ardıcıllığa nəzər salaq: Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, bu səfər çərçivəsində Azərbaycan-Özbəkistan yaxınlaşması, eyni zamanda, türk dövlətləri arasında münasibətlərin inkişafı, bu günlərdə Özbəkistanın Beynəlxalq Türk Akademiyasına müşahidəçi qismində üzvlüyünün təsdiqlənməsi və sair müsbət olaylar. Əlbəttə ki, bunların fonunda nəsə baş verməliydi. Moskva da əvvəldən hazırladığı o bölücüləri həm də Konstitusiya dəyişiklikləri bəhanəsi ilə hərəkətə gətirərək onlardan istifadə etdi. Özbəkistan dövləti gərginliyin aradan qaldırılması üçün gərəkən bütün addımları atdı. Fikrimcə, yaxın günlərdə Qaraqalpaqıstanda vəziyyət tam sabitləşəcək”.
A.Zeynalov
www.yenicag.az