Pəhləvilər AKTİVLƏŞDİ: İranda hakimiyyət üçün təhlükə GÖZLƏNİLİRMİ?
“Pəhləvilərin İranda heç bir nüfuzu olmadığı üçün hakimiyyətə gəlmə ehtimalı sıfıra bərabərdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfiqaroğlu son vaxtlar ABŞ-də keçmiş İran şahının nəvəsi Pəhləvinin aktivliyi və onun hakimiyyətə gəlmə ehtimalı haqqında fikirlərini şərh edərkən deyib.

“Pəhləvilərin İranda yenidən hakimiyyətə gəlməsi ehtimalı sıfıra bərabərdir. Ona görə ki, Pəhləvilər İranda hazırda hər hansı nüfuza malik deyil, digər tərəfdən onlar daha çox İsraillə yaxın əlaqələrə malikdirlər və İsrail onlardan İran hakimiyyətinə qarşı istifadə etməyə cəhdlər edir. Bu baxımdan İranda da bu proses müşahidə olunur. Ona görə də bu kontekstdə məsələyə yanaşsaq o zaman Pəhləvilərlə bağlı vəziyyəti daha aydın təsəvvür edə bilərik”.
Politoloq qeyd edib ki, hazırkı İran prezidenti Pezeşkianın ölkədə və dünyada nüfuzu kifayət qədərdir:
“Digər tərəfdən Pezeşkian kifayət qədər mütərəqqi ideyalara malikdir və onun ideyaları artıq İranda geniş xalq kütlələri tərəfindən qəbul olunur. Pezeşkianın istər qonşularla, istərsə də Qərblə münasibətlərini normallaşdırmaq planları beynəlxalq müstəvidə də qəbul olunur və İranla ABŞ arasında da diplomatik kanallar açıqdır. ABŞ İranla münasibətlərin dinc yolla həll olunmasının tərəfdarı kimi çıxış etsə də İsrail buna mane olmağa çalışır. İsrail maksimum səy göstərir ki İranla ABŞ arasında hərbi toqquşma baş versin. Əlbəttə, istər ABŞ, istər İran hökuməti bu problemin diplomatik yollarla həll olunmasına çalışırlar. Bu baxımdan Trampla Netanyahu arasındakı ziddiyyətləri də nəzərə alsaq o zaman Pəhləvilərin hazırkı ABŞ hökuməti tərəfindən də dəstəklənmədiyini deyə bilərik. Ona görə də hesab edirəm ki, Pəhləvilərin İranda yenidən hakimiyyətə gəlmək ehtimalı yoxdur və bu istiqamətdə müzakirələrin ciddi əsasının olduğunu düşünmürəm”.
Nurlan Cəfəri












