Dünyada qızıla tələb sürətlə artır
Qlobal qızıl tələbi 1 313 ton və ya 146 milyard ABŞ dolları dəyərində olub. Bu, 2000-ci ildən indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Yenicag.az xəbər verir ki, bu statistika Dünya Qızıl Şurasının (“World Gold Council”, WGC) 2025-ci ilin üçüncü rübünə dair hesabatında əks olunub.
Hesabatda qeyd olunur ki, artımın əsasında investisiya tələbi göstərilib. Bu göstərici 537 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47% artım deməkdir. Ümumi qızıl tələbinin 55%-i məhz investisiyaların payına düşüb.
WGC bildirir ki, bu dinamika qeyri-müəyyən geosiyasi mühit, ABŞ dollarının zəifləməsi və qızılın qiymətində davamlı artım fonunda investorların nadir metala istəyi nəticəsində yaranıb.
Hesabat dövründə investorlar əlavə 222 ton qızıl alıblar. Qlobal səviyyədə fondlara daxilolmalar 26 milyard dollar olub. İlbaşından bəri qızıl fondlarının ümumi alış həcmi 619 tona (64 milyard dollar) çatıb. Ən çox artım Şimali Amerika fondlarında (346 ton) müşahidə edilib, ardınca Avropa (148 ton) və Asiya (118 ton) fondları gəlir.
Qeyd edək ki, Dövlət Neft Fondu cari ilin 9 ayında 38.2 ton qızıl alaraq qızıl ehtiyatını 184.8 tona çatdırıb./Oxu/












