Mövsümü olmayan meyvələr piştaxtalarda: Logistika xərci, yoxsa SÜNİ QİYMƏT ARTIMI?
Paytaxt bazarlarında mövsümü olmayan meyvələrin qiymətində kəskin artım müşahidə olunur. Bəzi satış nöqtələrində hələ vaxtı çatmamış 1 ədəd şaftalının 10 manata, 1 ədəd alçanın 7 manata, 100 qram moruğun isə 30 manata təklif edilməsi alıcıların narazılığına səbəb olub. Vətəndaşlar bu “astronomik” qiymətlərin real bazar şərtləri ilə nə dərəcədə əsaslandırıldığını sual edirlər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlərin bahalaşması bir neçə amillə bağlıdır:

“Qiymət artımını ilk növbədə mövsümi faktorlarla izah etmək olar. Şaftalı və alça kimi məhsulların təbii yetişmə dövrünə hələ zaman var. Mövsüm xaricində bazarda bu növ məhsulların həcmi olduqca azdır. Təklif minimum həddə olduqda qiymətin kəskin yüksəlməsi bazar mexanizminin təbii nəticəsidir. Xüsusilə erkən yetişdirilən və ya xüsusi şəraitdə saxlanılan məhsullar bazara çıxarılanda daha baha olur”.
İqtisadçı qeyd edib ki, bu cür “erkən” məhsulların logistika xərcləri də qiymətlərə birbaşa təsir göstərir:
“Məhsul uzaq bölgələrdən və ya xaricdən gətirilirsə, daşınma, yanacaq, soyuducu anbar və saxlanma xərcləri qiymətə əlavə olunur. Mövsümündən əvvəl xaricdən gətirilən meyvələrdə bu xərclər daha yüksək olur ki, bu da bazar qiymətlərinə təsirsiz ötüşmür. Bəzi meyvələr üzrə daxili istehsal hələ başlamadığı üçün tələbatı tam ödəmək üçün idxala ehtiyac yaranır. Mövsümi çatışmazlıq zamanı xaricdən gətirilən məhsullar daha baha başa gəlir və bu, son satış qiymətində öz əksini tapır”.
Ekspert bazarda rəqabət mühitinin zəifliyinə də diqqət çəkib:
“Əgər mövsümi olmayan məhsulların satışında rəqabət yoxdursa və məhsul yalnız tək-tük satıcılarda varsa, qiymətlər süni şəkildə daha yüksək səviyyədə saxlanıla bilər. Rəqabət olan mühitdə isə qiymətlər daha balanslı formalaşır”.
Akif Nəsirli hesab edir ki, bəzi hallarda qiymət artımı real bazar mexanizmləri ilə izah olunsa da, süni şişirtmə ehtimalı da istisna deyil:
“10 manatlıq şaftalı və ya 30 manatlıq 100 qram moruq kimi qiymətlər artıq psixoloji həddi aşır. Tələb yüksək, təklif isə məhdud olan bu keçid dövrlərində bəzi satıcılar vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırırlar. Yəni burada həm təklif-tələb balansı, həm də müəyyən manipulyasiya halları rol oynaya bilər”.
Samir Məcid













