Müalicəvi bitkilərlə bol Azərbaycan dərmanı xaricdən alır (?)
Aydın Əliyev: “Bunun üçün zavodlar açılmalı, büdcədən vəsait ayrılmalıdır”
Azərbaycan təbiəti müalicəvi otlarla zəngindir. Amma nədənsə, xammal bol olsa da, həmin otlardan dərman preparatları hazırlanması sahəsində elə də ciddi irəliləyiş yoxdur. Hətta otlardan hazırlanan dərmanlar belə əsasən xaricdən gətirilir. Görəsən, bu vəziyyətə necə son qoymaq olar?
Yenicag.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev deyib ki, “Dərman preparatları təbii və sintetik mənşəli olur. Təbii mənşəli bitkilərdən alınan dərmanlar, sistetik mənşəli dərmanlara nisbətən insan bədəninə daha uyğun gəlir. Ölkəmizdə dərman bitkiləri sahəsində ixtisaslaşan güclü alimlərimiz var. Tibb Universitetininn alimləri dərman bitkisinin tərkibindəki fəal maddələri kəşf edirlər. Amma sonradan həmin maddələrin dərman halına salınması işi dövlətə aiddir. Bunun üçün zavodlar açılmalı, həmin dərmanların istehsalına büdcədən vəsait xərclənməlidir ki, elmi axtarışlar gətirib sonda nəticə versin. Bu işləri müəyyəm dərəcədə edən bilən alimlərimiz var. Amma böyük mənada prosesə büdcədən böyük vəsaitlər ayrılmalıdır. Rusiyada bir dərman maddəsinin alınmasına təxminən 10 milyon dollar pul lazımdır. ABŞ-da isə bəzən bir dərmanın alınmasına bir neçə 100 milyon dollar pul ayrılır. İstənilən sahədə vəsait ayrılmasa alimlərimizin bilikləri də ortalıqda qalır. Yəni bunu deməkdə məqsədim odur ki, ölkəmizdə müalocəvi bitkilər çoz olsa da, bitki mənşəli dərmanların demək olar ki, istehsal edilməməsi bu sahəyə vəsaitin ayrılmaması ilə bağlıdır”.
Elçin