Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müdafiə Nazirliyinin iş bilməzlliyi: Güc strukturunun işi nə vaxtdan bəyanat yaymaq olub? - Səxavət Məmməd yazır

Reklam: High Technic

Azərbaycan xalqı bayram qeyd etməyə hazırlaşarkən, Ermənistanın müdafiə naziri Qarabağa səfərə gəlib. Bu adi, sıradan bir səfər də olmayıb. Bölmələri təftiş edib, şəraitlə yerində tanış olub, döyüş tapşırıqları verib.

Azərbaycan tərəfi nə edib?

Müdafiə Nazirliyi səviyyəsində bəyanat. Bu bəyanat nə vaxt verilib? Arşak Karapetyanın İrəvana qayıtmasından iki gün sonra.

Dəfələrlə olub ki, Azərbaycan tərəfi rəsmi şəkildə Qarabağa, Laçın dəhlizinə nəzarət etdiyini bəyan edib. O bəyanlar zamanında da deyirdik ki, bu nəzarət sadəcə olaraq vizual xarekterlidir. Görməkdən başqa heç nəyə yaramır.

Arşak Karapetyanın Qarabağa səfəri bir neçə yöndən skandaldır.

Ermənistanın müdafiə naziri Azərbaycan ərazisinə icazəsiz necə keçə bilir? Bir ölkənin, daha dəqiq desək bir-birinə düşmən (sülh müqaviləsi olmadığı üçün düşmən sözündə yalnışlıq ola bilməz) sayılan ölkənin müdafiə naziri digərinin ərazisinə keçir. Qarşı tərəfin müdafiə naziri səfər ərəfəsində və sonra başına heç nə gəlməyəcəyindən o qədər arxayındır ki, belə bir addımı atır.

Bunu niyə skandal adlandırıram?

Azərbaycanın hərbi kəşfiyyatı düşmən ölkənin müdafiə nazirinin Qarabağa gəlişindən xəbərsiz olub. Düşünmürəm ki, hərbi kəşfiyyatın bundan xəbəri olub, ancaq hansısa səbəblərdən müdaxilə etməkdən çəkinilib. Çünki jurnalistlərdən biri məsələ ilə bağlı Müdafiə Nazirliyinə zəng vurub açıqlama istəyib, nazirliyin mətbuat xidməti isə belə bir şeyi mümkünsüz adalandırıb. Daha sonra xəbərin linkini istənilib və bundan sonra həmin bəyanat yayılıb. Hansısa saytda, sosial şəbəkədə Zakir Həsənov, Nizam Osmanov haqqında bir cümlə gedərkən xəbərləri tez olur, ancaq düşmən ölkənin müdafiə nazirinin gəlişindən xəbərsiz olurlar.

Azərbaycanın hərbi kəşfiyyatı zamanında məlumat əldə etsəydi, Arşak Karapetyanın gedişindən yox, gəlişindən öncə bəyanat verərdi. Əslində normal olanı da budur. Hərbi kəşfiyyatın ilk işi düşmənin, rəqibin nazirinin fəaliyyətini izləməkdir. O nazirin nəinki gəlişindən, heç iki gün ərzində orada olmasından da xəbərin olmursa, bu, skandaldır.

Ümumiyyətlə, güc strukturu bəyanat verməz, verməməlidir. O bəyanatı verəcək qurumun adı – Xarici İşlər Nazirliyidir. Azərbaycanda elə bir təfəkkür formalaşıb ki, sanki hər kəs öz sahəsinə cavabdehdir. Yəni, Ermənistanın xarici işlər naziri gəlsə, Azərbaycan XİN, müdafiə naziri gəlsə Müdafiə Nazirliyi bəyanat verməlidir. Müdafiə Nazirliyi bəyanat verən, hədə-qorxu gələn, söz oyunu oynayan qurum yox, praktikada iş görən qurum olmalıdır.

Burada daha bir skandal isə nazirliyin erməni mətbuatını izləməməsidir. Lap deyək ki, gəlişindən xəbər tutmadın, buna görə hərbi kəşfiyyatı cəzalandırırsan. Nazirin gəlişinin boy-boy şəkilləri, videolarını niyə bir jurnalistdən eşitməlisən?

Gələk məsələnin digər tərəfinə. Müdafiə Nazirliyi hər bəyanatında Azərbaycan ərazisindəki erməni silahlılarını “Qanunsuz erməni silahlı dəstəsi” adlandırır. Ancaq görünən odur ki, Ermənistan tərəfi bunu belə görmür. Erməni nazir əgər gəlib hansısa hərbçiləri mükafatlandırırsa, onlara döyüş tapşırığı verirsə, demək ki, həmin silahlıları özünün bilir. Arşak Karapetyan özünü Azərbaycanın “Qanunsuz erməni silahlı dəstəsi” adlandırdığı hərbçilərin komandiri sayır. Bu o anlama gəlir ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə qondarma rejim yox, Ermənistan ordusu var. Bu Azərbaycan konstitutsiyasına da, 20 noyabr 2020-ci ildə imzalanmış üçtərəfi bəyanata da ziddir.

Bütün bunların səbəbkarı kimdir?

Rusiya, Rusiya sülhməramlıları. Rusiya sülhməramlıları bilmir ki, Arşak Karapetyanı Qarabağa buraxmaqla odun üzərinə benzin tökür? Missiyası sülhməramlı olan qüvvə əslində bu kimi halların qarşısını almalıdır. Hətta Azərbaycan tərəfi Arşak Karapetyanın Qarabağa gəlişindən xəbər tutmasa da, niyyətində sülh olan Rusiya sülhməramlıları Azərbaycandan xəbərsiz onu geri qaytarmalı idi. Daha sonra Azərbaycan tərəfinə minnət də vursa, halalı olardı. Demək ki, niyyətində qətiyyən sülh yoxdur.

Erməni nazir Qarabağa hər halda əyilə-əyilə gəlməyib. Kadrlardan da görünür ki, Rusiya sülhməramlıları onu buraxıb. Yaxşı, Müdafiə Nazirliyi bəyanat verərək öz işini bitmiş saydı. Rusiya sülhməramlılarına niyə gözün üstə, qaşın var deyən yoxdur? Rusiya sülhməramlılarına da Türkiyə sülhməramlıları bəyanat verməlidir? Xarici İşlər Nazirliyinin işi nədən ibarətdir?

Ötən bir ili dəyərləndirən bəzi yerlərdən komanda alanlar məqbul sayırlar. Onlara da deyiləcək sözüm var. Ötən bir il ərzində Rusiya sülhməramlıları sizin yadınızda nə ilə qalıb bilmirəm. Mənim yadımda isə Qarabağda yaşamaq istəməyən erməniləri əraziyə cəlb etmək üçün əlindən gələnin artığını ediblər. Evlər tikiblər, su daşıyıblar, erməni əhalisi inansın deyə modul tipli kazarmalarını daşdan tikilmə kazarmalarla əvəz ediblər, ən azı 3 dəfə Ermənistandan hərbçilərin Qarabağa gəlməyinə şərait yaradıblar. Sülhməramlıların nəzarət etdiyi ərazidən bir neçə dəfə erməni silahlıları atəşkəsi pozublar, şəhid olan hərbçilərmiz də olub. Müharibədə dağılmış erməni ordusunu təşkilatlandırıblar, hərbi struktura çeviriblər. Hətta Sülhməramlılar erməni silahlıları ilə birgə hərbi təlimlər keçiblər.

Budur məqbul, budu qənaətbəxş?

Müharibənin aktiv fazası bitsə də, psixoloji savaş qızışma mərhələsindədir. Görünən odur ki, bu savaşa hazır deyilik. Çünki qurumlar əhalini düşünmək yerinə, öz başlarının milçəklərini qorumağa kökləniblər. Psixoloji, informasiya savaşı aparmaq adı ilə ayrılan pulları trollar saxlamağa yönəldiblər.

Görünən odur ki, görəcək günlərimiz hələ qabaqdadır.

Səxavət Məmməd 

www.yenicag.az

639
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100