Müəllimlər nə vaxt sınağa çəkiləcək?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 10-13 iyun tarixlərində keçiriləcək müəllimlərin sınaq qiymətləndirilməsinə dair yeni məlumat açıqlayıb. İdarədən verilən məlumatda müəllimlərin sınaq qiymətləndirilməsinin ixtisas fənləri üzrə qrafiki təqdim olunub.
Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə – fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Müəllimlər 2 saat ərzində 80 sualı cavablandırmalıdırlar. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.
Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.
Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.
Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün isə həvəsləndirici tədbirlərin tətbiq olunacağı bildirilir.