MÜHARİBƏ BAZARLARI VURUR: İrandan idxal dayana bilər – Qiymət artımı qaçılmazdır?

media-hightechnic-468x90

Yaxın Şərqdə alovlanan hərbi gərginliyin qlobal və regional iqtisadi bazarlara dağıdıcı təsiri getdikcə daha kəskin hiss olunmaqdadır. Xüsusilə İranda cərəyan edən hərbi əməliyyatlar fonunda region ölkələrində kəskin qiymət dalğalanmaları və iqtisadi qeyri-müəyyənlik hökm sürür. Bu böhranlı vəziyyət Azərbaycan bazarından da yan keçmir.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən tanınmış iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bazardakı prosesləri yalnız süni qiymət artımı ilə əlaqələndirmək reallığı tam əks etdirmir:

“Müəyyən süni amillərin rolunu istisna etmirəm, lakin ümumi mənzərə göstərir ki, əsas səbəblər obyektiv faktorlarla bağlıdır. Hazırda regionda, xüsusən də İranda davam edən müharibə iqtisadi proseslərə birbaşa və sarsıdıcı təsir göstərir. Bu cür yüksək geosiyasi risklər bazarlarda fundamental qeyri-sabitliyə yol açır”.

Ekspert xüsusilə İrandan idxal edilən strateji məhsullarla bağlı yaranan kritik vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, müharibə şəraiti tədarük zəncirində ciddi qırılmalar yaradır:

“Azərbaycan bazarında İrandan gətirilən məhsulların xüsusilə kənd təsərrüfatı malları, tikinti materialları və bəzi sənaye məhsullarının xüsusi çəkisi var. Müharibə fonunda logistika zəncirləri iflic olur, sərhəd-keçid prosesləri çətinləşir və nəqliyyat xərcləri kəskin artır. Bu da məhsulların ya bazara vaxtında çatmamasına, ya da xərclərin artması səbəbindən daha baha satışa çıxarılmasına gətirib çıxarır”.

Əkrəm Həsənov qeyd edib ki, bu mənfi tendensiya bazarda real qıtlıq riskini də qaçılmaz edir:

“Tədarük zəncirindəki fasilələr davam edərsə, bəzi məhsullar üzrə təklif kəskin azala bilər. Təklif azaldıqda isə qiymətlərin avtomatik yüksəlməsi iqtisadi qanunauyğunluqdur. Xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsullarında bu təsir dərhal hiss olunur”.

Ekspertin fikrincə, yaxın gələcəkdə vəziyyətin sabitləşməsi ehtimalı olduqca aşağıdır:

“Açığı, qısa müddətdə sabitləşmə gözləmirəm. Proseslər birbaşa müharibənin gedişatından və nəticəsindən asılıdır. Gərginlik davam etdikcə, həm idxal, həm də ümumi bazar sabitliyi ilə bağlı risklər masada qalacaq”.

Ekspert hesab edir ki, bu kritik şəraitdə Azərbaycan üçün alternativ tədarük mənbələrinin tapılması və yerli istehsalın stimullaşdırılması həyati əhəmiyyət kəsb edir. Yalnız bu addımlar bazarda baş verə biləcək mümkün şokların təsirini minimuma endirməyə kömək edə bilər.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05