“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyətini pandemiya dövrünün tələblərinə uyğun qura bilmədi”.
Bu fikirləri 2020-ci ildə ölkədə həyata keçirilməsi nəzərdə tutulan sosial layihələrin icra vəziyyətini dəyərləndirən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.
Nazim Bəydəmirli hesab edir ki, ölkənin builki sosial yekununu qənaətbəxş hesab etmək olmaz:
“Bu il ölkəmiz üçün önəmli hadisə ilə yadda qalıb. Belə ki, işğalda olan torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad olunub və ümid edirik ki, ermənilər məlum anlaşmaya sadiq qalacaqlar.
Təəssüf ki, bu il dünyanı bürüyən qlobal pandemiya iqtisadiyyatın daralmasına səbəb olub. Nəticədə ölkənin bir çox sosial layihələri, o cümlədən, sosial-müdafiə tədbirlərinin gücləndirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması çətinləşib.
Bununla yanaşı, pandemiya dövründə işsizliklə bağlı müavinətlərin verilməsi ciddi müzakirə mövzusuna çevrilib. Karantin rejimində müxtəlif tədbirlər həyata keçirilsə də, sosial müavinətlərin ödənilməsi ilə bağlı narazılıqlar hələ də qalır.
İş yerlərinin fəaliyyətinə məhdudiyyətlərin qoyulması, həftəsonları daha sərt qapanmaların tətbiqi fonunda insanların gəlirləri əhəmiyyətli dərəcədə azalıb. Düzdür, hökumət iş yerlərinin saxlanması ilə əlaqədar müəyyən addımlar atdı. Lakin bu tədbirlər yetərli deyil.
Çünki cəmiyyət pandemiyaya hazırlıqsız yaxalanıb və eyni zamanda, ailələrə yönəlik sosial dəstəyin də miqyası kiçikdir. Açıq deyilməlidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyətini pandemiya dövrünün tələblərinə uyğun qura bilmədi.
Yəni bu qurumun fəaliyyətindəki çatışmazlıqlar mövcud şəraitdə özünü daha qabarıq şəkildə göstərdi. Həmçinin beynəlxalq iqtisadi əlaqələrin zəiflədiyi bir dövrdə ölkədə bəzi məhsulların bahalaşması da qeydə alınıb. Bu isə əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir”.
Gülşən Şərif
www.yenicag.az