“Rusiya siyasi elitasının Ukrayna müharibəsini bütövlükdə “dəlilik” adlandırması ilə bağlı olan yanaşma, fikrimcə, doğru deyil. Çünki əgər siyasi elita bütövlükdə müharibəni “dəlilik” adlandırsaydı, proseslərin digər istiqamətdə inkişafının şahidi olardıq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçi rusiyalı iş adamı Oleq Deripaskanın Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
E. Mirzəbəyliyə görə, Kurskda həyata keçirilən əməliyyatın bundan sonrakı nəticəsi hər halda proseslər haqqında fikir bölüşməyə imkan yaradacaq:
“Lakin mövcud şəraitdə Ukraynanın ciddi bir üstünlük əldə etdiyini düşünmürəm. Digər tərəfdən, Rusiyanın ictimai rəyində belə bir fikir hökm sürür ki, bu gün Ukraynada davam edən savaş Rusiya-Ukrayna yox, Rusiya-NATO müharibəsidir. Əgər dəstəyin hansı istiqamətdən həyata keçirildiyini xüsusi şəkildə qeyd etsək, eyni zamanda, NATO-nun daha öncə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmədiyi istiqamətdə addımlar atdığını və genişlənmə planını davam etdirdiyini nəzərə alsaq, indiki şəraitdə Rusiyanın atdığı addımlar həm də Qərb blokunun ekspansiyasına qarşı atılan kimi dəyərləndiriməlidir”.
Siyasi təhlilçi əlavə edib ki, burada birmənalı fikri söyləmək çox çətindir, lakin ümumi mənzərə bundan ibarətdir ki, hadisələr Rusiya-Qərb qarşıdurması kontekstində cərəyan edir:
“Rusiya ictimai rəyində rus elitası tərəfindən səsləndirilən fikir kimi bir iş adamının fikirlərinin təqdim olunması isə qənaətimə görə doğru deyil. Çünki ən yaxın halda Oleq Deripaska özünün və ətrafının fikirlərini ifadə edə bilər. Lakin Rusiya ictimai rəyinə ümumi nəzər yetirsək və hərbi əməliyyatlarda iştirak etmək istəyən şəxslərin sayının kifayət qədər çox olduğunu nəzərə alsaq, rus ictimai rəyinin müharibə ilə bağlı fərqli fikirlərdə olduğunu söyləyə bilərik”.
Xatırladaq ki, “Rusal” metal konqlomeratının sədri Oleq Deripaskanın Ukrayna müharibəsi ilə bağlı açıqlaması geniş rezonans doğurub. Belə ki, milyarder iş adamı müharibəyə xərclənən pulları və müharibənin 2 il yarımdır davam etməsini dəlilik adlandırıb.
Rusiya mətbuatı isə onun sensasiyalı açıqlaması ilə bağlı qeyd edib ki, Deripaska nə qədər müharibəyə qarşı olsa da, o heç bir zaman ciddi dəstək olmadan bu cür açıq danışmaz. Qeyd olunur ki, siyasi elita daxilində Deripaska bu sözləri ilə kimlərinsə etirazını çatdırıb ki, bir çoxlarına görə bu elə Nikolay Patruşevin özünün fikirləridir.
Rafi Müslümov
www.yenicag.az