"Münasibətlər ən yüksək həddədir" – Abu-Dabi səfərindən sonra nələr dəyişəcək?
“Ümumilikdə, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O, Prezident İlham Əliyevin BƏƏ lideri ilə görüşünü və burada keçirilən hərbi təlimlərin perspektivlərini şərh edib. Siyasi şərhçi bildirib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətləri uzun illərdir mövcuddur:
“Bu əlaqələr indi də yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidentinin son günlərdə Abu-Dabiyə səfəri, keçirdiyi rəsmi görüşlər, xüsusilə BƏƏ lideri ilə baş tutan danışıqlar və əldə olunan razılaşmalar bunun bariz göstəricisidir.
Prezident İlham Əliyevin BƏƏ lideri ilə görüşü və birgə hərbi təlimlərdə iştirakı ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın paralel olaraq hərbi sahədə də inkişaf etdiyini göstərir. Bu təlimlər hər iki ölkənin regional və qlobal sülhə və təhlükəsizliyə verdiyi mühüm töhfə kimi qiymətləndirilir. Müasir dünyada artan gərginliklər və münaqişələr fonunda hərbi əməkdaşlıq milli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana və Prezident İlham Əliyevə göstərdiyi xüsusi diqqət və hörmət Prezidentin “Zayed İnsan Qardaşlığı” mükafatı ilə təltif olunması ilə də öz təsdiqini tapıb. Bu mükafat Prezident İlham Əliyevin dünyada, xüsusilə Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş praqmatik siyasətinə verilən yüksək qiymətdir.
Ümumilikdə, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir. Siyasi və hərbi əməkdaşlıqla yanaşı, qarşılıqlı sərmayələr, ticarət əlaqələri və iqtisadi tərəfdaşlığın şaxələndirilməsi də prioritet istiqamətlər olaraq qalacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












