Müqavilə bağlayanda bu rəqəmə baxın: 14 gün, yoxsa 3 ay? – HR-dan xəbərdarlıq

media-hightechnic-468x90

Əmək müqavilələrində sınaq müddətinin təyin olunması və bu prosesin tənzimlənməsi tez-tez müzakirə mövzusu olur. Sınaq müddətinin hansı hallarda və nə qədər müddətə müəyyən edilə biləcəyi isə birbaşa qanunvericiliyin tələbləri ilə tənzimlənir.

media-banner_tkm

Bu barədə Yenicag.az-a açıqlamasında insan resursları (HR) meneceri Röyal Əhmədov danışıb.

Onun sözlərinə görə, sınaq müddəti işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilən dövrdür:

“Sınaq müddəti işçinin konkret vəzifə üzrə – məsələn, mühasib, insan resursları (HR) mütəxəssisi, idarəetmə və digər sahələr üzrə əmək funksiyalarını yerinə yetirmə bacarığını yoxlamaq üçün təyin olunur. Məqsəd namizədin müvafiq şirkət və mövqe üçün uyğun olub-olmamasını müəyyənləşdirməkdir”.

Ekspert bildirib ki, qanunvericilikdə bu müddətlər konkret şəkildə müəyyən olunub:

“Altı aya qədər bağlanan əmək müqavilələrində sınaq müddəti 14 gündən, yəni iki həftədən artıq ola bilməz. Altı aydan yuxarı müddətə bağlanan müqavilələrdə isə maksimum üç ay sınaq müddəti müəyyən edilə bilər. Bu proses Əmək Məcəlləsinin 51 və 53-cü maddələri ilə tənzimlənir”.

Röyal Əhmədov vurğulayıb ki, sınaq müddətinin başa çatmasına üç gün qalmış tərəflərdən hər hansı biri əmək müqaviləsinə xitam vermək istəyərsə, bu barədə qarşı tərəfi yazılı şəkildə məlumatlandırmalıdır:

“Əgər sınaq müddətinin bitməsinə üç gün qalmış yazılı müraciət edilməzsə, müddət başa çatdıqdan sonra işçi artıq tam hüquqlu əməkdaş hesab olunur və müqavilə təyin edilmiş müddətə uyğun qüvvədə qalır”.

Onun sözlərinə görə, işçi öz təşəbbüsü ilə müqaviləyə xitam vermək istədikdə yazılı müraciət etməlidir. Lakin işəgötürən tərəfindən xitam verilərsə, bu halda səbəb əsaslandırılmalıdır:

“Şirkət konkret şəkildə göstərməlidir ki, namizəd hansı səbəbdən sınaq müddətini keçməyib. Əsaslandırma olmadan xitam verilməsi hüquqi baxımdan düzgün deyil”.

Ekspert hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan 14 gün və üç ay müddəti optimaldır:

“İki həftəlik müddət altı aya qədər olan müqavilələrdə namizədin uyğunluğunu müəyyən etmək üçün kifayət edir. Altı aydan artıq müqavilələrdə isə tərəflər qarşılıqlı razılaşma ilə bir, iki və ya maksimum üç ay sınaq müddəti müəyyən edə bilərlər. Müddətin üç aydan artıq təyin olunması qanunvericiliyə ziddir”.

Röyal Əhmədov əlavə edib ki, sınaq müddəti mütləq şəkildə əmək müqaviləsində ayrıca bənd kimi göstərilməlidir:

“Sınaq müddətinin müqavilədə konkret qeyd olunması vacibdir. Əks halda, bu müddət nəzərə alınmır və sonradan ciddi hüquqi mübahisələr yarana bilər”.

Beləliklə, sınaq müddəti işçi ilə işəgötürən arasında münasibətlərin ilkin mərhələdə qiymətləndirilməsi üçün nəzərdə tutulan hüquqi mexanizmdir və onun tətbiqi yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə mümkündür.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05